Sen 21, 2022 10:42 Asia/Baku
  • Rusiyada qismən səfərbərlik elan edilib; nüvə silahı tətbiq edilə bilər

Rusiya Prezidenti Vladimir Putin bu gün səhər saatlarında xalqa müraciət edib. O qismən səfərbərlik təklifi ilə razılaşdığını bildirib. Putin “Ərazi bütövlüyümüzə təhlükə olarsa, nüvə silahını tətbiq edəcəyik” deyib.

Vladimir Putin Rusiyanın suverenliyini və ərazi bütövlüyünü qorumaq, təhlükəsizliyini təmin etmək üçün Müdafiə Nazirliyinin qismən səfərbərlik elan olunması ilə bağlı təklifini qəbul etdiyini qeyd edib.

Putinin dediyinə görə hərbi xidmətə ancaq hazırda ehtiyatda olanlar çağırılacaq. İlk növbədə Silahlı Qüvvələrdə xidmət edənlər, xüsusi hərbi ixtisasa malik olanlar çağırılacaq.

Putin qismən səfərbərlik haqqında fərmanı artıq imzaladığını bildirib: “Səfərbərlik tədbirləri bu gün başlayacaq. Regionların başçılarına tapşırıram ki, hərbi komissarların işinə bütün lazımi köməyi göstərsinlər. Xüsusi ilə qeyd edirəm ki, hərbi səfərbərliyə çağırılan Rusiya vətəndaşları müqavilə əsasında orduda xidmət edən hərbiçilər kimi ödəniş və bütün sosial təminat statusunu alacaqlar”,- Rusiya prezidenti deyib.

Rusiya mediyasının bu ölkənin müdafiə naziri  Sergey Şoyquya istinadən qismən səfərbərlik çərçivəsində ehtiyatda olan 300 min nəfərin çağırılacağını bildirirlər.

Rusiya prezidenti Vladimir Putin bu günkü xalqa müraciətində həmçinin müharibənin Rusiya ərazisinə keçiriləcəyi təqdirdə nüvə silahından istifadəni istisna etməyib: "Rusiyanın ərazi bütövlüyünə təhlükə olarsa, bütün atəş vasitələri, o cümlədən nüvə silahından istifadə edəcəyik, bu, blef deyil".

O, Vaşinqtonun Ukraynanı hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyə vadar etdiyini deyərək, nüvə şantajından da istifadə olunduğunu vurğulayıb.

Rusiya Prezidenti Vladimir Putin ruslara müraciətində rəsmi Moskvanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətinin sakinlərinin əksəriyyəti tərəfindən qəbul ediləcək qərarı dəstəkləyəcəyini deyib. 

""Donbas xalq respublikaları"nın parlamentləri, eləcə də Xerson və Zaporojye vilayətlərinin hərbi-mülki administrasiyaları bu ərazilərin gələcəyi ilə bağlı referendum keçirmək qərarına gəlib və belə bir addımı dəstəkləmək xahişi ilə bizə, Rusiyaya müraciət ediblər. Mən vurğulayıram ki, biz əlimizdən gələni edəcəyik ki, referendumların keçirilməsi üçün təhlükəsiz şərait yaradılsın və insanlar öz iradələrini ifadə edə bilsinlər", - dövlət başçısı bildirib.

Teqlər