Kreml bir daha nüvə siyasətinə aydınlıq gətirdi
Medvedev: Rusiya öz müdafiəsi üçün istənilən silahdan istifadə edə bilər!
Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini bəyan edib ki, onun ölkəsi öz müdafiəsi üçün istənilən silahdan istifadə edə bilər.
SəhərAzəri-nin məlumatına əsasən, Dmitri Medvedev özünün "Telegram" kanalında dövlət başçısı Vladimir Putinin bir gün əvvəl vətəndaşlara xüsusi televiziya müraciətində elan etdiyi əsas qərarları şərh edərkən yazıb: "Yeni birləşmiş bütün ərazilərin müdafiəsi Rusiya Silahlı Qüvvələri tərəfindən əhəmiyyətli dərəcədə gücləndiriləcək. Bu cür qorunma üçün təkcə səfərbərlik imkanları deyil, həm də Rusiyanın istənilən silahı, o cümlədən strateji nüvə silahları və yeni prinsiplərə əsaslanan silahlar istifadə oluna bilər", - deyə Medvedev bildirib.
Qeyd edək ki, dünən Rusiyada qismən səfərbərlik elan olunub.
Rusiya lideri xalqa müraciətində ölkəsini nüvə ilə təhdid edənlərə xəbərdarlıq edib ki, "külək onların istiqamətinə çevrilə bilər".
Onun sözlərinə görə, Rusiya özünü qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Çünki Qərbin məqsədi Rusiyanı parçalamaq və məhv etməkdir.
R️usiya lideri bildirib ki, Donbas könüllüləri və xalq ordusu adi rusiyalı hərbçilər ilə eyni hüquqi statusa malik olmalıdır. Donbas, həmçinin də Zaporojye və Xersonda referendumların keçirilməsi üçün təhlükəsiz şərait təmin ediləcək.