Kreml Rusiyanın ilhaq etdiyi ərazilərə hücumla bağlı xəbərdarlıq edib
Rusiya Prezident Administrasiyasının sözçüsü bildirib ki, Moskva referendumdan sonra Rusiyaya qoşulan bölgələri Rusiya ərazisinin bir hissəsi hesab edir.
SəhərAzəri-nin məlumatına əsasən, Kremlin mətbuat katibi Dmitri Peskov xəbərdarlıq edib ki, Donbass, Xerson və Zaporojyanın Rusiyaya birləşdirilməsi ilə bağlı referendumdan sonra Moskva bu ərazilərə istənilən hücumu öz ərazisinə hücum kimi qiymətləndirəcək.
Peskov daha sonra qeyd edib ki, bu bölgələrin Rusiyaya ilhaq edilməsi ilə bağlı referendumda müsbət qərar veriləcəyi təqdirdə, Rusiya Konstitusiyası bu bölgələrə şamil olunacaq.
ABŞ və onun Avropa və digər regionlardakı müttəfiqləri Donbass, Xerson və Zaporojyanın Rusiyaya birləşdirilməsi ilə bağlı referendumun nəticələrini tanımayacaqlarını bildiriblər.
Luqansk, Donetsk, Xerson və Zaporojya bölgələri birlikdə Ukrayna ərazisinin təxminən 15 faizini təşkil edir.