Cozep Borrell:
“Şimal axını”ndakı qəza qəsdən törədilib”
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Şimal axınında baş verən sızmanın qəsdən törədildiyini deyib.
SəhərAzəri-nin məlumatına əsasən,Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib:
“Əldə olan məlumatlar onu göstərir ki, “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində qeydə alınan sızma qəsdən törədilmiş əməllərin nəticəsidir”.
“Biz nə və niyə baş verdiyini aydınlaşdırmağa yönələn istənilən araşdırmanı dəstəkləyirik”, - deyə Borrell qeyd edib.
Xatırladaq ki, Rusiyadan Avropaya çəkilən əsas qaz kəməri olan “Şimal axını” və “Şimal axını-2” eyni vaxtda üç yerdən sızıb. Avropa ölkələri Kremlin Aİ-yə qarşı enerji müharibəsinin əsas silahına çevrilmiş sualtı qaz kəmərlərində təxribatdan şübhələnirlər.
Rusiya isə “Şimal axını” qaz kəmərində baş vermiş insidentlərin araşdırılmasında iştirak etməyə hazır olduğunu bildirib.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko müxbirlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, əgər Avropa ölkələrindən sorğu gəlsə, Rusiya “Şimal axını”nda baş vermiş qəzanın səbəbləri ilə bağlı birgə təhqiqat aparılması üçün müraciətlərə baxmağa hazırdır, lakin indiyədək heç bir müraciət olmayıb.