İki güc arasında soyuq savaş nüvə müharibəsinə çevrilirmi?
Rusiya səfiri: ABŞ vəziyyəti nüvə güclərinin toqquşmasına doğru sövq edir
Rusiyanın Vaşinqtondakı səfiri Amerikanın “The National Interest” jurnalı üçün yazdığı məqalədə ABŞ-ın vəziyyəti nüvə güclərinin toqquşmasına doğru sövq etdiyini yazıb.
SəhərAzəri-nin məlumatına əsasən, Anatoli Antonov bu haqda yazır: "Elə təəssürat yaranır ki, Rusiyanən nə vaxta qədər açıq düşmənçilik hərəkətlərinə və hücumlara dözəcəyi, cavab verməkdən çəkinəcəyi sınaqdan keçirilir. Əslində, Vaşinqton vəziyyəti gözlənilməz nəticələrlə dolu ən böyük nüvə dövlətləri arasında birbaşa qarşıdurmaya doğru sövq edir".
Səfir ABŞ rəsmilərinin vəziyyəti gərginləşdirməyə və Rusiyadan gələn "xəyali nüvə təhlükələri" ilə ictimaiyyəti qorxutmağa davam etdiyinə diqqət çəkib. Onun sözlərinə görə, bu cür ritorika Rusiya hakimiyyətinin bəyanatlarını təhrif edir.
"Xüsusilə qeyd etmək istərdim ki, ölkəmizin nüvə silahından istifadə edəcəyi şərtlərdə heç bir dəyişiklik olmayıb. Bu baxımdan, biz 2014-cü il Hərbi Doktrinasına və 2020-ci il üçün Dövlət Nüvə Cilovlanması Siyasəti Çərçivəsinə ciddi şəkildə riayət etməyə davam edirik", - deyə Antonov əlavə edib.
Ötən həftə ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyanın hipotetik olaraq nüvə silahından istifadə edəcəyi halda administrasiyanın plan hazırladığını bildirib.
Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan da deyib ki, ABŞ Rusiyanı Ukraynadakı münaqişədə nüvə silahından istifadənin “fəlakətli nəticələri” barədə xəbərdar edib və buna sərt cavab verəcəyini vəd edib.