Dek 01, 2022 19:47 Asia/Baku
  • Qarabağdakı yerlər erməni toponimləri ilə qeyd edilir

Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın sülhməramlı kontingentinə bir daha müraciət edərək bəzi yaşayış məntəqələri barədə erməni toponimlərindən istifadə olunmasından şikayətlənib.

nazirliyin bəyanatında Rusiyanın belə etirazlara məhəl qoymamasından narazılıq ifadə olunaraq bildirilir: “Təəssüf edirik ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır. Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsinin yolverilməz olduğunu bir daha xatırladırıq”.

Müdafiə Nazirliyi sonra Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında yanlış ifadələrdən istifadə etməməsini xahiş edib.

Qeyd olunur ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 30.11.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müvafiq olaraq Ağdərə və Xocavənddir.

Xatırladaq ki, Rusiyanın Qarabağla bağlı mövqeyi bölgəyə yeni statusun verilməsinə köklənib, erməni əsilli milyarder Ruben Vardanyan isə məhz Kremlin təlimatı əsasında bölgəyə göndərilib. Ona görə də Rusiyanın öz rəsmi sənədlərində yaşayış məntəqələri üçün səhvən deyil, şüurlu şəkildə erməni variantından istifadə etməsi təxmin edilir.