Rusiya Almaniyanın Ukraynaya raket və zirehli texnika göndərmək qərarını pisləyib
Rusiyanın Berlindəki səfirliyi Almaniya hökumətinin Ukraynaya "Marder" adlı zirehli texnika və Patriot raket sistemi göndərmək addımını pisləyib.
SəhərAzəri-nin məlumatına əsasən, Avropa və Qərb ölkələri, xüsusən də ABŞ Kiyevə müxtəlif növ yüngül və ağır silahlar göndərməklə Ukraynada müharibənin sona çatması istiqamətində nəinki heç bir addım atmayıblar, əksinə bu ölkədə münaqişələri daha da alovlandırıblar.
Rusiya səfirliyinin bəyanatında deyilir: "Biz bu qərarı qətiyyətlə pisləyirik və bunu Ukraynada münaqişənin gərginləşməsi istiqamətində növbəti addım kimi görürük. Onun qəbulu xristian dünyasında yüksək ehtiramla qarşılanan pravoslav Milad bayramı ərəfəsində, həmçinin Rusiya prezidentinin bununla bağlı birtərəfli qaydada elan etdiyi atəşkəs fonunda xüsusilə kinli görünür".
Bəyanatda əlavə olunub: "Berlin bunu Vaşinqtonun ciddi təzyiqi altında edib".
Bəyanatda, "Kiyevə öldürücü silahlar və ağır hərbi texnikanın verilməsi"nin İkinci Dünya Müharibəsi zamanı nasist cinayətlərinə görə Almaniyanın tarixi məsuliyyətini nəzərə alaraq Almaniya hakimiyyətinin keçməməli olduğu mənəvi sərhəd olduğuna diqqət çəkilib.
Almaniya hökuməti cümə axşamı, Ukraynaya piyada döyüş maşınları və Patriot hava hücumundan müdafiə sistemi vermək niyyətində olduğunu bildirib.
Berlin tərəfindən bu silahların Kiyevə hədiyyə olunması xəbəri ABŞ prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şoltz arasında telefon danışığından sonra tərəflərin birgə bəyanatında açıqlanıb.
Baydenin başçılıq etdiyi ABŞ administrasiyası Ukraynada müharibə başlayandan bəri Kiyevə milyardlarla dollar maliyyə və hərbi yardımı edib.