Britaniyalı deputat Qarabağ ermənilərinin müdafiəsinə qalxdı
Karolin Koks: Daha bir erməni soyqırımı prosesi dayandırılmalıdır!
İlham Əliyevin özünə tərəfdaş saydığı Britaniyanın Lordlar Palatasının üzvü, Baronessa Karolin Koks Laçın Dəhlizinin bağlanmasına etiraz olaraq İcmalar Palatasının Xarici Əlaqələr üzrə Seçmə Komitəsinin sədrinə təcili məktub göndərib.
SəhərAzəri-nin məlumatına əsasən, məktubda deyilir: “Ermənistanı Dağlıq Qarabağa birləşdirən Laçın dəhlizinin qondarma azərbaycanlı eko-fəallar tərəfindən blokadaya alınmasından artıq bir ay keçir. Artsax Respublikasının 120.000 sakini xarici dünya ilə əlaqəsinin kəsilməsi nəticəsində ağır iqtisadi, humanitar və səhiyyə problemləri ilə üz-üzədir. Ərzaq və tibbi ləvazimat çatışmazlığı artıb və yalnız çox az sayda xəstənin oranı tərk etməsinə icazə verilib”.
Lordlar Palatasının üzvü sonra rəsmi Londonun qarşısında bir sıra tələblər qoyub: “Britaniya hökuməti neft maraqlarına görə Azərbaycanla yaxşı münasibətlər qurub, lakin Dağlıq Qarabağ xalqının həyatı bu gün daha vacib məsələdir. Ona görə də mən Xarici Əlaqələr üzrə Seçici Komitədən xahiş edirəm ki, 1) Dağlıq Qarabağın təhlükəsizlik vəziyyəti ilə bağlı araşdırma aparsın, 2) təcili olaraq bu nəticələr barədə hesabatı Xarici İşlər, Birlik və İnkişaf ofisinə təqdim etsin. Daha bir erməni soyqırımı prosesi indi dayandırılmalıdır”, deyə Karolin Koks öz məktubunda vurğulayır.