Fev 04, 2023 12:18 Asia/Baku
  • Avropa Birliyi Rusiyanın neft məmulatları üçün qiymət tavanları təyin edib

Avropa Birliyinin hazırkı sədri olan İsveç, dünən gecə birliyə üzv ölkələrin Rusiyanın neft məmulatları üçün iki yeni qiymət tavanının təyin edilməsi haqda razılığa gəldiklərini bildirib.

Qərb ölkələri, o sıradan Avropa Birliyinə üzv ölkələr Ukrayna müharibəsi başlanandan bəri Rusiya əleyhinə enerji sahəsi də daxil olmaqla müxtəlif sahələrdə sanksiyalar tətbiq ediblər. Bu sanksiyalar bir çox hallarda əks nəticə verib və onları çətin şəraitə salıbdır.

Avropa Birliyinə üzv ölkələrin nümayəndələri Brüsseldə keçirdikləri iclasda, bazarda xam neftdən daha yüksək qiymətlə satışa gedən dizel yanacağı kimi neft məmulatlarının hər barrelinin qiymətini yüz dollar təyin ediblər.

Onlar həmçinin bazarda qiymətləri xam neftin qiymətindən daha aşağı olan mazut kimi neft məmulatlarının hər barreli üçün qırx beş dollarlıq qiymət təyin ediblər.

Bu yeni qiymət tavanı bazar günündən tətbiq edilməlidir.

Sözügedən iclasda Polşa, Latviya, Litva və Estoniya/ Rusiyanın neft gəlirlərinin daha da azalması üçün yeni qiymət tavanlarının daha aşağı səviyyələrdə qərarlaşmasına səy göstəriblər.

Avropa Birliyi, yeddilər qrupu və Avstraliya ötən ilin dekabrında Rusiya xam neftinin hər barreli üçün maksimum altmış dollar təyin etmişdilər.

Belə bir halda, Avropa Birliyi qarşıdakı həftələrdə Rusiyaya qarşı özünün onuncu sanksiya paketini icra etməyi planlaşdırır.

 

AB RUSİYANIN NEFT MƏMULATLARI ÜÇÜN QİYMƏT TAVANI TƏYİN EDİB

 

Teqlər