Mart 13, 2023 13:18 Asia/Baku
  • Qadın qətlləri, fiziki və cinsi zorakılıq Avropada səssiz epidemiyalardır

Gender əsaslı zorakılıq bütün Avropada qadınlara təsir edən “səssiz epidemiya” adlandırılıb. Avropa İttifaqının statistikasına görə, yaşı 15-dən yuxarı olan hər üç qadından biri fiziki və ya cinsi zorakılığa məruz qalıb.

SəhərAzəri-nin məlumatına əsasən, İspaniyada ötən yanvar ayında eyni gündə dörd qadın müxtəlif şəhərlərdə həyat yoldaşları tərəfindən qətlə yetirilib. Qitədə oxşar faciəvi nümunələr az deyil. Buna görə də, bu cür zorakı cinayətlərin qarşısının alınması ilə bağlı müzakirələr Avropada əsas prioritetlərdən birinə çevrilib. 

Avropada gender əsaslı zorakılıq nisbətlərini müqayisə edən son məlumat 2018-ci ilə aiddir. Növbəti hesabat yalnız 2024-cü ildə dərc olunacaq. Üstəlik, araşdırmaçı jurnalistlərin çoxsaylı hesabatları göstərir ki, bəzi ölkələr öz statistikalarında qadınlara qarşı fiziki və cinsi zorakılıq barədə məlumat vermirlər.

Qadın hüququ müdafiəçiləri bu statistikaların hər il aparılmalı olduğunu deyirlər. 

Ekspertlərin fikrincə Avropada qadın qətllərində əhəmiyyətli artım koronavirus pandemiyası və karantin zamanı qapalı mühitlərdə kişilərin qadınlara nəzarəti ilə əlaqədardır.

Aralıq dənizi Təhqiqat Xəbərləri İnstitutunun jurnalisti Janine Louloudi deyir: "Karantin tədbirləri götürüldükdən sonra qadınlara qarşı zorakılıq bir qədər azalıb". 

İndiyədək Avropada yalnız iki ölkə, Kipr və Malta qadın qətlinin özlüyündə cinayət kimi tanınmasına qərar verib.

Araşdırmalar göstərir ki, bir çox hallarda həyat yoldaşlarını qətlə yetirən kişilər qətli törətməzdən əvvəl dəfələrlə onlara qarşı fiziki və cinsi zorakılıq ediblər.

Bəzi hallarda isə qurbanlar polisə də müraciət ediblər, lakin hüquqi boşluqlar səbəbindən bu kişilər heç vaxt həbs olunmayıblar və nəhayət, tam azadlıqda həyat yoldaşlarını qətlə yetiriblər.

Teqlər