Britaniyanın nəqliyyat, təhsil və səhiyyə işçiləri tətilə çıxıblar
Böyük Britaniyanın səhiyyə, təhsil və nəqliyyat sistemlərində çalışan minlərlə işçi yaşayış böhranına qarşı artan etiraz dalğalarının davamında çərşənbə günü işlərini dayandırıblar.
SəhərAzəri-"İRNA"nın məlumatına görə, Londonda metro sürücüləri və stansiya işçiləri bu gündən etibarən 24 saatlıq tətil aksiyasına başlayıblar, beləliklə paytaxtda minlərlə sərnişin nəqliyyat xaosu ilə üzləşib.
Ötən ilin aprelində London metrosunun sürücülərinin maaşları dörd illik bir razılaşmaya əsasən, 8,4 faiz artırıldı və onların əmək haqqının inflyasiya səviyyəsindən 0,2 faiz yuxarı hesablanması qərara alındı.
Amma bildirilir ki, işəgötürənlər koronavirus pandemiyasının vurduğu ağır ziyanı kompensasiya etmək üçün stansiya işçilərinin 10 faizini ixtisar etməyə və onların pensiyalarında dəyişikliklər etməyə çalışırlar.
Eyni zamanda, 61 mindən çox gənc həkim əlverişsiz iş şəraiti və qeyri-adekvat maaşa etiraz olaraq, tətilə çıxıb. Bazar ertəsi başlayan bu tətil on minlərlə müalicə növbəsinin və cərrahi əməliyyatının ləğvinə səbəb olub.
Britaniya hökuməti bu il üçün bonus və gələn il üçün qeyri-müəyyən maaş artımı ödəməyə razılıq verib, lakin 26 faiz artımı müzakirə etmək istəmir.
Etiraz edən həkimlər tətillərinin təsirini artırmaq üçün xəstəxanaların həyati vacib şöbələrində, xüsusən də təcili yardım şöbələrində fəaliyyətini dayandırıblar.
Həmçinin, bu gün məktəb müəllimləri tətilə çıxıb və beləliklə, bu ölkədə minlərlə təhsil mərkəzi bağlanıb. Etirazçılar iş şəraitinin yaxşılaşdırılması və maaşların artırılmasını tələb edirlər.
Bu hadisələr Britaniyanın maliyyə nazirinin bir neçə saata hökumətin büdcə düzəlişini elan edəcəyi vaxta təsadüf edir; Amma ictimai iş yerlərində maaşların artırılmasına ümid yoxdur.
Britaniyada iqtisadi durum bir neçə ardıcıl böhran səbəbindən son yarım əsrin ən pis vəziyyətindədir. İnflyasiya 10,1 faizə çatıb ki, bu da son 40 ilin ən yüksək göstəricisidir.