İyun 24, 2023 16:54 Asia/Baku
  • Vaqner rəhbərinin üsyan çağırışından sonra Moskvada ciddi təhlükəsizlik tədbirləri görülüb

“Vaqner” milis qrupunun rəhbəri Yevgeni Priqojinin qalmaqallı bəyanatlarından sonra Rusiyanın paytaxtı Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib.

SəhərAzəri-nin məlumatına əsasən,, məlumatlı bir mənbə "TASS" xəbər agentliyinə bildirib ki, Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib; Həyati əhəmiyyətli obyektlər, hökumət və nəqliyyat infrastrukturu güclü mühafizət altındadır.

Mənbənin bildirdiyinə görə, Rusiya Milli Qvardiyasının xüsusi təyinatlı bölmələri tam hazır vəziyyətdədir.

Vaqner milis qrupunun rəhbəri Yevgeni Priqojin cümə günü heç bir sübut təqdim etmədən Rusiya ordusunun Vaqnerin 2000 qüvvəsini qətlə yetirdiyini iddia edib.

O, həmçinin Rusiyanın müdafiə naziri Sergey Şoyqunu da hədələyib və deyib ki, o, Moskvanın Qızıl Meydanında asılacaq.

Rusiya rəsmiləri isə Priqojini silahlı üsyan təşkil etməkdə ittiham edib və ona qarşı cinayət işi açmağa çağırıblar.

Eyni zamanda Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının komandir müavini general Sergey Surovikin Vaqner döyüşçülərini hərbi rəhbərliklə müxalifətdən əl çəkməyə və öz bazalarına qayıtmağa çağırıb.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) də Vaqner hərbi qrupunun yaraqlılarını düzəlməz səhvə yol verməməyə və Priqojinin xain və cinayətkar əmrlərinə tabe olmamağa çağırıb.

Rusiyanın Milli Anti-terror Komitəsi də cümə günü gecə bildirib ki, Rusiya Təhlükəsizlik Xidməti "Vaqner" milis qrupunun rəhbəri Priqojinin silahlı üsyana dəvət etməsindən sonra ona qarşı cinayət işi açıb.

Pariqojin təqsirli bilinərsə, onu 12 ildən 20 ilədək həbs cəzası gözləyir.

 

 

Teqlər