İyun 25, 2023 15:45 Asia/Baku
  • Priqojin Belarusa gedəcək

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov silahlı üsyanın təşkilinə cəhd edən Yevgeni Priqojinə qarşı cinayət işinə xitam veriləcəyini açıqlayıb.

"Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə qarşı cinayət işinə xitam veriləcək.Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

Kremlin təmsilçisi həmçinin qeyd edib ki, Yevgeni Priqojin Belarusa gedəcək. Bu barədə razılaşma Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Yevgeni Priqojin arasında aparılan danışıqlar zamanı əldə edilib.

Qeyd edək ki, iyunun 24-də Belarus Prezidenti Aleksandr Lukaşenko Vladimir Putinin razılığı əsasında "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb.

Priqojin Belarus prezidentinin öz döyüşçülərinin Rusiya boyu irəliləməsini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib. Müzakirə masasına "Vaqner" döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə vəziyyətin həlli üçün sərfəli və məqbul variantlar çıxarılıb.

Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə telefon əlaqəsi saxlayaraq görülən işlərə görə ona təşəkkür edib. Bu barədə Belarus prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Xatırladaq ki, iyunun 24-də "Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) döyüşçüləri silahlı üsyan təşkil etməyə cəhd ediblər. Onlar Rostovda bir sıra obyektləri zəbt ediblər.

"Vaqner" özəl hərbi şirkətinin rəhbəri bir video müraciətdə qoşunları Moskvaya yeritdiyini elan edib. Bundan sonra FTB əməkdaşları hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin ifadələri ilə bağlı cinayət işi açıb.

Prezident Vladimir Putin isə ruslara müraciətində bildirib ki, üsyana cəhddə günahkar olanların hamısı qaçılmaz cəzaya məruz qalacaq, qanun və xalq qarşısında cavab verəcək.

Nəhayət günün sonunda "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Bildirdi ki, Belarus prezidenti Aleksandır Lukaşenko ilə razılaşıb və hərbçi qüvvələrini Moskva istiqamətindən geri çağırıb.

 

Teqlər