Qərbin hərbi alyansı Rusiyadan çəkinir?
Zelenski NATO sammitindən narazı qalıb
NATO-nun Vilnüsdə keçirilən sammiti Ukraynanın gözləntilərini doğrultmayıb və bu da Prezident Volodimir Zelenskinin narazılığına səbəb olub.
ABŞ-ın “Bloomberq” nəşri bu barədə yazıb ki, NATO rəhbərlərinin mövqeyindən əsəbiləşən V.Zelenski çıxışı zamanı tez-tez səs tonunu yüksəldib və alyans ölkələrinin liderləri onu güclə sakitləşdiriblər.
Ukrayna liderinin əsəbləşməsinin əsas səbəbi kimi Kiyevin NATO-ya üzv qəbul olunması ilə bağlı konkret tarixin açıqlanmaması göstərilir. Vurğulanıb ki, onun bu ritorikası Ukraynaya dəstək verən Qərb liderlərinin xoşuna gəlməyib. Şam yeməyi zamanı dövlət və hökumət başçıları Ukrayna prezidentinə iradlarını bildirib və sakit olmağın zəruriliyini diqqətə çatdırıblar.
“Bloomberq” qeyd edir ki, Zelenskinin davranışları bir sıra Qərb rəsmilərini də qıcıqlandırıb və onları danışmağa vadar edib. Britaniyanın müdafiə naziri Ben Uels söyləyib ki, Ukraynanın özünün silah-sursatı, texnikası yoxdur, ona görə də sadəcə müttəfiqlərə təşəkkür etməlidir.