Putun Rusiyanın taxıl müqaviləsinə qayıtmasının şərtini açıqlayıb
“Müqavilənin ilkin humanitar mahiyyəti bərpa olunmalıdır”
Rusiyanın dövlət başçısı hökumət üzvləri ilə görüşündə bildirib ki, Rusiyanın sazişə qayıtması üçün əsas şərt onun ilkin humanitar mahiyyətinin bərpasıdır.
Vladimir Putin bu müqavilələr üzrə Rusiyanın qarşısında olan öhdəlikləri xatırladaraq deyib: “Əgər əvvəllər razılaşdığımız bütün şərtlər yerinə yetirilərsə, biz dərhal bu sövdələşməyə qayıdacağıq”.
Prezident birinci şərt kimi Rusiya taxılının və gübrələrinin dünya bazarlarına tədarükünü sanksiyalardan çıxarmağı qeyd edib.
Xatırladaq ki, bazar ertəsi taxıl müqaviləsi başa çatdıqdan dərhal sonra Rusiya Ukraynaya qarşı dəniz blokadası tətbiq edib, Ukraynanın Odessa və Nikolayev limanlarında 12 yük gəmisi ilişib qalıb.
Qeyd edək ki, Rusiya Krım körpüsünə 17 iyulda edilən hücuma cavab olaraq Odessa limanındakı infrastruktur obyektlərə dəhşətli zərbələr endirir.