Havay yanğınları; Ölənlərin sayı 80-ə çatıb, yüzlərlə insan hələ də itkindir
Havaydakı meşə yanğınlarında ölənlərin sayı 80-ə yüksəlib. Rəsmilər bu yanğını ştatın tarixində ən ölümcül təbii fəlakət adlandırıblar.
Bu elə bir haldadır ki, daha yüzlərlə insanın itkin düşdüyü və ölənlərin sayının hələ də arta biləcəyi bildirilir.
Bununla belə, cümə günü bəzi Lahaina sakinlərinə evlərinə qayıtmaq icazəsi verilib. Lakin onlara xəbərdarlıq edilib ki, həyatlarında heç vaxt görmədikləri səhnələri görəcəklər.
Lahaina zəngin tarixə malik olan və ildə təxminən iki milyon turisti cəlb edən sahil şəhəridir.
Ştat rəsmiləri yalnız ərazidə yaşadıqlarını sübut edə bilən sakinlərin geri qayıtmasına icazə veriblər. Lahaina bölgəsi yanğının sürətlə yayılmasından sonra təxliyə edilən ilk yaşayış bölgəsi olub. Yanğın bu tarixi şəhərin bir çox hissəsini yerlə-yeksan edib.
Şəhər sakinlərinin əksəriyyəti təxliyə zamanı özləri ilə təkcə geyim və bel çantası götürdüklərindən çoxları üçün bu şəhərin sakinləri olduqlarını sübut etmək çətindir.
Eyni zamanda, vətəndaşların əmlakını qorumaq və talanların və xaosun qarşısını almaq məqsədi ilə komendant saatı tətbiq edilib və saat 22:00-dan səhər saat 06:00-a qədər küçələrdə axtarış aparan xilasedicilərdən başqa heç kim ola bilməz.
ABŞ Prezidenti Co Bayden Havay adalarında baş verən yanğınları "böyük fəlakət" elan edərək, yardım, təcili sığınacaq və yenidənqurma səylərini maliyyələşdirmək üçün Mauiyə federal yardım buraxıb.
ABŞ-ın milli meteoroloji xidməti alovların Havay adalarını uzaqdan keçən, lakin aşağı rütubət səviyyəsi ilə birlikdə 97 km/aatdan yuxarı küləklər gətirən Dora qasırğası tərəfindən alovlandığını söyləyib.
Maui hava limanı hazırda təcili sığınacağa çevrilib və təxminən 11,000 nəfər müvəqqəti məskunlaşdırılmaq üçün digər Havay adalarına köçürülür.
Bu, 2018-ci ildə Şimali Kaliforniyanın Paradays şəhərində 85 nəfərin ölümü ilə nəticələnən Şimali Kaliforniyada Düşərgə Yanğınından sonra ABŞ-da baş verən ən ölümcül meşə yanğınıdır.
Maui Yanğınsöndürmə İdarəsinin təqaüdçü rəisi Lionel Montalvo, cümə axşamı "NewYorkTimes"a verdiyi müsahibədə deyib: "İnanıram ki, bir çox insan Yanğınsöndürmə İdarəsinin gəlib yanğını söndürməsini gözləyərək, evlərində qalıb".
Rəsmilər bildirirlər ki, Maui meşə yanqınları, o cümlədən Lahainanı viran qoyan yanğının böyük ölçüdə qarşısı alınıb və axtarış-xilasetmə işləri ABŞ ordusunun köməyi ilə davam edir.