Zaxarova:
Ermənistandakı anti-rus atmosfer narahatedicidir
Zaxarova Ermənistan mediyasında anti-rus ab-havanı kəskin qınayıb. Bu ölkədə qərbyönümlü media strukturlarının sayının artmasından narahat olduğunu deyib.
Son zamanlar Ermənistanın informasiya məkanında Rusiya və Rusiya-Ermənistan münasibətləri haqqında birtərəfli və neqativ məlumatların yayılması tendensiyası üstünlük təşkil edib. Bunu cümə günü Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Son vaxtlar Ermənistanın informasiya məkanında Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı birtərəfli, neqativ və çox vaxt həqiqətə uyğun olmayan məlumatların yayılmasına dair açıq tendensiya nə sizi, nə də bizi qane edə bilməz”, - deyə Zaxarova İrəvanda keçirilən Rusiya-Ermənistan media forumunun iştirakçılarını salamlayarkən deyib.
Zaxarova onu da qeyd edib ki, Moskva Ermənistanda Rusiyanı və Rusiya-Ermənistan münasibətlərini gözdən salmaq məqsədi daşıyan qərbyönümlü media strukturlarının sayının artmasından narahatdır.
“Təəssüflər olsun ki, Ermənistanda açıq şəkildə, üzrlü hesab edin, palçıq atır, tənqid etməyən, KTMT və Aİİ daxil olmaqla, ümumi dövlətlərarası qarşılıqlı fəaliyyət mexanizmlərimizə çamur atan informasiya resursları da var”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, Moskva erməni xalqının bütün bəlalarına görə Rusiyanı ittiham etməklə insanlar arasında düşmənçilik və nifrət salmaq cəhdlərini qəbuledilməz hesab edir.
Zaxarova sentyabrın 5-də də Ermənistan rəhbərliyini kəskin tənqid etmişdi.
Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsini şərh edərkən demişdi ki, “İnsan öz əməlinə görə cavab verməyi bacarmalıdır”.
“İnsan hər fürsətdə günahkar axtarmaq və bunu davamlı etmək əvəzinə, öz əməlinə görə cavab verməyi bacarmalıdır. Məsuliyyəti, öz məsuliyyətini boynuna götürmək lazımdır, bunun başqasının çiyinlərinə yükləmək lazım deyil. Siyasətçi, dövlət xadimi öz ölkəsinin milli maraqlarını düşünməyən təsadüfi adamdan belə fərqlənir. Bir də qeyd edim: öz hərəkətlərinə görə cavab verməyi bacarmalısan”, - Rusiya rəsmisi bildirib.
Ermənistan baş naziri məlum müsahibəsində Rusiyanın artıq cənubi Qafqazdan uzaqlaşmaqda olduğunu demişdi.
Paşinyanın bu müsahibədə səsləndirdiyi fikirləri eləcə də ABŞ ilə Ermənistan arasında hərbi təlimlərin keçiriləcəyi barədə məlumatların yayılması rəsmi Moskvanı ciddi şəkildə narahat edib. Kremlin sözçüsü Dmitri Peskov ABŞ-la Remənistan arasında hərbi təlimlərin Moskvada ciddi təhlil olunduğunu və onun tam izləniləcəyini bildirib.