Sergey Lavrov Paşinyan hökumətinin son gedişatını tənqid edib
“Biz Ermənistan rəhbərliyinin hərəkətlərindən təəssüflənirik”
Rusiya XİN rəhbəri Paşinyan hökumətinin son gedişatını tənqid edərək ümidvarlığını bildirob ki, Ermənistanın xarici siyasətində Moskva qarşısında müttəfiqlik öhdəlikləri üstünlük təşkil edəcək.
Bu barədə rusiyalı nazir G20 sammitindən sonra keçirilən mətbuat konfransında danışıb.
Lavrov deyib: “Mən həqiqətən ümid edirəm ki, bizim aramızda bütün müttəfiqlik öhdəlikləri mövcuddur və biz qiymətləndiririk ki, onlar hələ də qüvvəyə minəcək və Ermənistanın xarici siyasətində üstünlük təşkil edəcək”.
O, Ermənistan rəhbərliyinin ABŞ-la birgə hərbi təlimlər keçirmək niyyətindən təəssüfləndiyini də vurğulayıb.
Nazir həmçinin erməni siyasətçilərinin Moskvanın Dağlıq Qarabağı Azərbaycana “verməsi” ilə bağlı bəyanatlarını düzgün hesab etməyib:
“Orada hansısa fiqur, mənim fikrimcə, parlamentin rəhbəri deyib ki, Rusiya Qarabağı Azərbaycana verib. Bundan qeyri-düzgün və vicdansız bəyanat təsəvvür etmək çətindir. O, 2020-ci ilin noyabrında Putin, Paşinyan və Əliyevin ilk üçtərəfli sazişləri imzalayanda Qarabağın Rusiya tərəfindən Azərbaycana verildiyinə istinad edib. Bu, qətiyyən həqiqətəuyğun deyil”, - deyə Lavrov vurğulayıb.
Rusiyalı nazirin sözlərinə görə, Azərbaycan prezidenti və Ermənistanın baş naziri Praqada 1991-ci il Alma -Ata bəyannaməsini tanıdıqları deyilən bəyanat imzalayıb, bununla da, bütün suallar bağlanıb. Ermənistanın baş naziri beləlikə, o vaxtkı Dağlıq Qarabağ vilayətinin Azərbaycanın tərkib hissəsi olduğu əks olunan sənədi imzalayıb.
Rusiya XİN başçısı daha sonra Ermənistan-ABŞ hərbi təlimin keçirilməsini qınayıb. O deyib ki, “Ermənistanın müttəfiq KTMT çərçivəsində təlimlərdən imtinası nəzərə alınsa, ABŞ-la təlim keçirməsi qəribədir. Çünki NATO ölkəsinin Cənubi Qafqaza müdaxilə etmək cəhdində yaxşı heç bir şey yoxdur”.