Kremldən Paşinyanın “sülhməramlılar Rusiyaya qayıtmalıdır” fikrinə reaksiya
Peskov Azərbaycanla müzakirə olunacağını deyir
Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı verdiyi açıqlamaya münasibət bildirib.
Paşinyan demişdi ki, Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edərsə, Ermənistana yox, Rusiyaya qayıtmalıdır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov buna cavab olaraq yerli jurnalistlərə deyib ki, Moskva Bakı ilə Qarabağdakı rus sülhməramlılarının gələcək taleyini müzakirə edəcək.
Kreml sözçüsü onu da vurğulayıb ki, Rusiya prezidenti ilə Nikol Paşinyan arasında telefon danışığı zamanı sülhməramlı kontingentin yenidən yerləşdirilməsinin mümkünlüyü məsələsi müzakirə olunmayıb.
Oktyabrın 9-da Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Qarabağda yerləşən sülhməramlı kontingentinə təlabatın olduğunu demişdi. Ondan bir gün sonra isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov sülhməramlıların Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına öz töhfəsini verməyə hazır olduğunu açıqlamışdı.