Azərbaycan və Ermənistanın birgə bəyanatı dəstəklənir
BMT birgə bəyanatı alqışladı
BMT-nin baş katibi Antoniu Quterreş Ermənistan və Azərbaycanın birgə bəyanatını alqışlayır.
Bu barədə BMT baş katibinin sözçüsü Stefan Dujarik "Report"a açıqlamasında deyib.
Sözçü bildirib ki, Azərbaycan və Ermənistan qarşılıqlı bəyanat yaymaqla etimat quruculuğu prosesinə töhvə vermək üçün ikitərəfli münasibətlərin normallaşdırılmasına sadiqliklərini təsdiqləyiblər: "BMT tərəflərin bölgədə davamlı sülhün bərqərar olunması və əhalisinin rifahı naminə qarşılıqlı etimadı qorumaqla razılaşmaya əsaslanmağı təşviq edir".
Öz növbəsində Rusiya hökuməti də Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq, eləcə də sülh müqaviləsi bağlamaq niyyəti barədə birgə bəyanatını müsbət qiymətləndirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə deyib: “Moskva Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikasının Baş Naziri Aparatının iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin bağlanması üzrə qarşılıqlı niyyətini təsdiqləyən birgə bəyanatını məmnunluqla qarşılayır.
O bildirib ki, Rusiya nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh müqaviləsinin bağlanması və vətəndaş cəmiyyəti vasitəsilə təmasların qurulmasında bundan sonra da hər cür yardım göstərməyə hazırdır.
Qeyd edək ki, Ermənistan və Azərbaycan cümə axşamı yaydıqları birgə bəyanatda hərbi əsirləri dəyişdirdiklərini və münasibətlərin normallaşdırılması üzərində işləyəcəklərini açıqlayıblar.
Bu bəyanata görə, İlham Əliyev hökuməti ilə Nikol Paşinyan arasında aparılan danışıqlarda qarşılıqlı etimadı gücləndirmək üçün əsas addımların atılması razılaşdırılıb.
Həmçinin, hər iki tərəf münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü əsasında sülh müqaviləsinə nail olmaq istəklərini vurğulayıblar.