Yan 01, 2024 20:46 Asia/Baku
  • Yeni ilin əvvəlində bütün dünyada Fələstin tərəfdarlarının kütləvi nümayişləri davam edib

Müxtəlif ölkələrdə, o cümlədən İsveçrə, Türkiyə, İngiltərə, Mərakeş və İsveç də insanlar yeni ilin əvvəlində Qəzzə xalqına dəstək yürüşü keçiriblər.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, sionist rejim ordusunun Qəzzəyə hücumları nəticəsində 22 minə yaxın fələstinli şəhid olub, 56 mindən çox fələstinli isə yaralanıb.

Rəsmilərin və dövlət başçılarının reaksiyalarından əlavə, dünyanın müxtəlif bölgələrində insanlar sionist rejimin cinayətlərinə etiraz etmək və Fələstin xalqını dəstəkləmək üçün dəfələrlə küçələrə çıxıblar.

Mərakeşin Tanjer şəhərində yüzlərlə insan bu şəhərin mərkəzi meydanındsa toplaşaraq, Qəzzə xalqı ilə həmrəyliklərini bildiriblər. 

Nümayişçilər əllərində sionist rejimin təcavüzünə qarşı şüarlar yazılmış plakatlar tutaraq, Qəzzədə müharibənin dayandırılmasını tələb ediblər.

İsveçrənin Cenevrə şəhərində yeni ilin başlanğıcının ilk anlarında Qəzz xalqına dəstək məqsədilə kütləvi yürüş keçirilib. Nümayişçilər İsveçrə hökuməti də daxil olmaqla Qərb hökumətlərini bu cinayətləri törətməkdə sionist rejimin şərikləri hesab ediblər və Fələstin bayraqlarını qaldıraraq, vurğulayıblar ki, Yeni il şənlikləri Qəzzə zolağında baş verənləri unutdurmayacaq.

Etirazçılar öz şüarlarında Fələstinin azad edilməsini və Fələstin xalqının soyqırımına son qoyulmasını tələb ediblər.

Londonda Fələstin tərəfdarları Milad gecəsində Qəzzə xalqını unutmamış, 2023-cü ilin son saatlarında baş nazirliyin binası qarşısında və İngiltərə parlamenti yaxınlığında aksiya keçirərək, fələstinlilərin hüquqlarının həyata keçirilməsi üçün səylərin davam etdiriləcəyini vurğulayıblar.

Etirazçılar İngiltərə hökuməti və parlamentinin Qəzzədə atəşkəsə qarşı çıxmasının bu ölkə xalqının 76%-nin iradəsinə zidd olduğunu, demokratiya və xalqın iradəsini praktiki olaraq, pozduğunu bəyan ediblər.

Mançester şəhərində də oxşar aksiyalar keçirilib. 

Türkiyə xalqı da Trabzon və İstanbul şəhərlərində keçirilən nümayişlərə qatılaraq Qəzzə xalqına öz dəstəklərini bildiriblər. 

İsveçin paytaxtı Stokholmda da insanlar şəhərin əsas meydanlarından birinə toplaşaraq, Yeni ilin başlanğıcı üçün geri sayımla eyni vaxtda Qəzzənin müdafiəsiz xalqına dəstək şüarları səsləndiriblər.

Mitinq iştirakçıları Fələstin bayraqlarını qaldırıblar və sionist rejimin təcavüzünə son qoyulması və Qəzzədə atəşkəsin yaradılmasına çağırıblar. 

Ötən gün minlərlə Fransa vətəndaşı da bu ölkənin müxtəlif şəhərlərində, o cümlədən Marsel və Parisdə Fələstinə dəstək nümayişi keçirib. Nümayişçilər əllərində Fələstin bayraqları tutaraq, İsrail əleyhinə şüarlar səsləndiriblər.

Oxşar mitinqlər İspaniyanın Madrid, Almaniyanın Berlin və Kanadanın Toronto şəhərlərində də keçirilib. 

Finlandiyanın paytaxtı Helsinki şəhərində də Yeni il şənliyində Fələstin bayrağı qaldırılıb.

Teqlər