Yan 27, 2024 13:10 Asia/Baku
  • ABŞ-ı SSRİ-nin aqibəti gözləyir?

ABŞ-ın Texas ştatının Milli Qvardiyası sərhədə nəzarəti ələ keçirib. Respublikaçıların iqtidarda olduğu 25 ştat Baydeni sərhədi qorumamaqda ittiham edib və Texası dəstəkləyəcəkyini bildirib. Bəzi siyasi şərhçilər bunu ABŞ konstitusiya sisteminin dağıldığını göstərən növbəti əlamət adlandırıblar.

ABŞ-ın Texas ştatının qubernatoru Qreq Ebbot Baydenin Meksika sərhədindən tikanlı məftillərin çıxarılması tələblərinə əməl etməyəcəyini və miqrantlara qarşı istehkamlar tikməyə davam edəcəyini bildirib. Bu barədə qubernator yerli mediaya müsahibəsində deyib.

Qubernator ştatın Milli Qvardiyasının sərhədi öz nəzarətində saxlamağa davam edəcəyini, eyni zamanda federal qüvvələrin müdaxiləsinə icazə verməyəcəklərini bildirib. Onun sözlərinə görə, daha 10 ştatın Milli Qvardiya bölmələri Texasa kömək etmək üçün hərəkətə keçib.

Miqrant axını davam etdiyi üçün ştatın Milli Qvardiyası sərhədə nəzarəti ələ keçirib. Ağ Evin bu cür hərəkətlərindən sonra Respublikaçıların iqtidarda olduğu 25 ştat Baydeni sərhədi qorumamaqda ittiham edib və Texası dəstəkləyəcəyini bildirib.

Amerikalı siyasi şərhçi Dan Lazar Texasda baş verən hadisələrlə bağlı deyib:

Əlbəttə, bu böhrandır - və böyük böhran. Bu, ABŞ konstitusiya sisteminin bir çox cəbhələrdə dağıldığını göstərən daha bir əlamətdir.

O vurğulayıb ki, Co Bayden növbəti dəfə prezident seçilərsə, ölkə vətəndaş müharibəsinin alovlanması riski ilə üzləşəcək:

"Bunun nə qədər uzağa gedəcəyi ilə bağlı heç bir fikrim yoxdur, lakin Trampın indi federal hakimiyyət orqanlarına meydan oxumaq üçün ştatları silahlanmağa çağırması təəccüblü deyil. 248 illik respublika gözümüzün qabağında dağılır".

Hyuston Universitetinin Afrika-Amerika tarixi professoru Cerald Horn da Bayden administrasiyası ilə Texasın respublikapərəst qubernatoru arasında gərginliyin çox ciddi olduğunu deyib.

O xatırladıb ki, ABŞ-dan mümkün ayrılma mövzusu ştatda uzun müddətdir müzakirə olunur. Bu baxımdan Horn hesab edir ki, Texas rəhbərliyi indi belə bir inkişafın beynəlxalq dəstək tapıb-tapmayacağını qiymətləndirməyə çalışır.

Qeyd edək ki, ABŞ Konstitusiyasında Ağ Evin demokratik təsisatları və əsas prinsipləri pozması halında ştatlara silahlı çevriliş etmə haqqı tanınır.