Fev 01, 2024 14:24 Asia/Baku
  • Ağ Ev: Biz İranla müharibə və ya regionda genişmiqyaslı müharibə istəmirik

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi çərşənbə günü axşam vurğulayıb ki, ABŞ nə İranla müharibəyə cəhd edir, nə də regionda genişmiqyaslı müharibə istəyir.

Ağ Evdəki Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi ABŞ-ın İranla müharibəyə cəhd etmədiyini və ya regionda genişmiqyaslı müharibə istəmədiyini təsdiqləyib. 

O, çıxışının davamında deyib: "Son hadisələrin arxasında duranların məsuliyyətə cəlb edilməsi üçün nə lazımdırsa, edəcəyik".

Ağ Ev sözçüsü əlavə edib: "İordaniyada son hücumların arxasında bir neçə qrupdan ibarət İraqdakı İslam müqaviməti dayanır.

Kirbi deyib: "Qəzzədə uzunmüddətli atəşkəs axtarırıq. Uzunmüddətli atəşkəs daha çox girovların azad edilməsinə səbəb olacaq və biz bununla bağlı hələ də danışıqlar aparırıq”.

Digər tərəfdən, ABŞ-ın Vaşinqton Post qəzeti çərşənbə günü təklif olunan Qəzzədə atəşkəs təşəbbüsü ilə bağlı daha ətraflı məlumat dərc edib.

Qəzet məlumatlı mənbələrə istinadən yazıb: "Qəzzədə 6 həftəlik atəşkəs bir girov müqabilində 3 fələstinli məhbusun azad edilməsini əhatə edəcək".

"Vaşinqton Post" qəzeti davam edib: "Təklif edilən atəşkəs razılaşması İsrail qüvvələrinin Qəzzədə məskunlaşan ərazilərdən uzağa müvəqqəti yerləşdirilməsini nəzərdə tutur.  İsrail, Amerika, Misir və Qətər müzakirəçiləri bazar günü Parisdə müharibəni dayandırmaq və HƏMAS-ın saxladığı digər israilli məhbusları azad etmək üçün çərçivə haqqında razılığa gəliblər. Bu, ABŞ dövlət katibi Entoni Blinkenin Vaşinqtonda qətərli həmkarı ilə birgə mətbuat konfransında "güclü və inandırıcı" adlandırdığı plandır.

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın yüksək səviyyəli rəsmisi Qəzzədə atəşkəs üçün Paris təşəbbüsünün üç mərhələdən ibarət olduğunu açıqlayıb.

Reuters-in məlumatına görə, bu planın birinci mərhələsinə qadın, uşaq, qoca və xəstələr kimi mülki şəxslərin azad edilməsi daxildir.

İkinci mərhələ bütün kişi və qadın hərbçilərin azad edilməsini əhatə edir. Parisin Qəzzədə atəşkəs təklifinin üçüncü mərhələsinə ölənlərin cəsədlərinin təhvil verilməsi daxildir.

HƏMAS-ın bu yüksək rütbəli rəsmisi bildirib ki, bu üç mərhələ ərzində bütün hərbi əməliyyatlar dayandırılacaq. 

O, daha sonra deyib: "Azad ediləcək israilli məhbusların sayı hələ müəyyən edilməyib və bu məsələ ilə bağlı danışıqlar aparılmalıdır".

Teqlər