Fev 08, 2024 20:57 Asia/Baku
  • ATƏT və ATƏT DTİHB seçkilərdə ciddi pozuntular görüb

ATƏT və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) birgə müşahidə missiyası 7 fevral prezident seçkiləri haqqında ilkin rəyini bildirib. Birgə müşahidə missiyası seçkilərdə ciddi pozuntular görüb.

“Seçkiyə hazırlıq zamanı həqiqi plüralizm yox idi və tənqidi səslər davamlı olaraq boğuldu. Birləşmək və ifadə azadlıqlarına uzunmüddətli məhdudiyyətlər son qanun dəyişiklikləri ilə gücləndirilib və beynəlxalq demokratik standartlara uyğun gəlməyən qanunvericiliklə nəticələnib”,-Birgə müşahidə missiyasının bəyanatında deyilir.

Missiya seçki məcəlləsinə son düzəlişlərin DTİHB-nin əvvəlki tövsiyələrini diqqətdən kənarda qoyduğunu bildirib.

ATƏT-in qısamüddətli müşahidəçilərinin xüsusi əlaqələndiricisi və rəhbəri Artur Gerasimovun sözlərinə görə, kampaniyada əhəmiyyətli ictimai iştirak olmayıb və rəqabətli deyildi. Kampaniyada altı başqa namizəd iştirak etsə də, onların heç biri öz kampaniyalarında hazırkı prezidentin siyasətinə inandırıcı şəkildə etiraz etmədi və seçiciləri heç bir həqiqi alternativsiz qoydu.

ATƏT PA nümayəndə heyətinin lideri Daniela De Ridder öz növbəsində namizədlər arasında və bütünlükdə Azərbaycanın siyasi həyatında qadınların olmadığını qeyd edib.
"Seçkilər günü müşahidəçilər əsasən səsvermənin məxfiliyi, çoxsaylı səsverməyə qarşı təminatların olmaması, bülletenlərin qutulara atılması əlamətləri və s. ciddi nöqsanları qeydə alıblar. Bu, bülletenlərin sayılmasının dürüst olub-olmaması ilə bağlı ciddi suallar yaratdı", deyə o qeyd edib.

 "Həddindən artıq məhdudlaşdırıcı media qanunvericiliyi, eləcə də tənqidi jurnalistlərin son həbsləri medianın azad fəaliyyətinə mane olub və geniş yayılmış özünüsenzuraya gətirib çıxarıb, müstəqil jurnalistika və tənqidi debatların əhatə dairəsini məhdudlaşdırıb", deyə Rider vurğulayıb.

 Birgə missiyanın nümayəndələri mətbuat konfransında seçki komissiyalarının tərkibinin siyasi cəhətdən tarazlaşdırılmadığını və media, siyasi partiyaların və vətəndaş cəmiyyətinin hüquq və azadlıqlarının pozulduğunu təkrar ediblər. "Bu, demokratik seçki standartlarına uyğun deyil", deyə DTİHB missiyasının rəhbəri  Eoqan Mörfi bildirib

"Qərbin Azərbaycanı tənqid etmək üçün müşahidəçilərə təzyiq göstərdiyi haqqında iddialar yalandır. Bütün nəticələr obyektivdir", deyə missiya üzvləri hökumətyönlü mətbuatın iddialarını şərh edərkən bildiriblər.

"Biz özümüz bülletenlərin kütləvi şəkildə atılması, təkrar səsvermə qrupları və səslərin hesablanması zamanı pozuntular kimi ciddi pozuntuları özümüz qeydə almışıq", deyə Mörfi bildirib.

* Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə edən beynəlxalq seçki müşahidə missiyası 42 ölkədən 335 müşahidəçidən ibarət olub ki, bunlardan 256-sı DTİHB-nin ezam olunmuş ekspertləri, uzunmüddətli və qısamüddətli müşahidəçiləri, 79-u isə ATƏT PA-dandır.

 

Teqlər