Fev 23, 2024 13:53 Asia/Baku

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenin onun ünvanına təhqiramiz ifadələr işlətməsinə münasibət bildirib.

Putin bildirib ki, ABŞ-da baş verənləri daxili siyasi nöqteyi-nəzərdən başa düşür.

O "Rossiya" kanalına müsahibəsində amerikalı həmkarına cavab olaraq deyib: “Bu yaxınlarda siz məndən ABŞ-ın gələcək prezidenti kimi kimə üstünlük verdiyimizi soruşdunuz. Mən dedim ki, biz istənilən prezidentlə işləyəcəyik, amma inanıram ki, Rusiya üçün daha üstün olanı Baydendir. İndi onun dediklərindən aydın olur ki, mən tamamilə haqlıyam. Ona görə də, bu, mənim tərəfimdən deyilənlərə adekvat reaksiyadır. O, mənə deyə bilməz ki, “Volodya, afərin! sağ ol. Sən mənə çox kömək etdin". Məndən soruşdular ki, bizim üçün yaxşısı nədir, mən o vaxt dediyim kimi indi elə hesab edirəm və təkrar edə bilərəm”.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden San-Fransiskoda qapalı seçki kampaniyasında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putini “başdanxarab it oğlu” adlandırıb.

Bayden vurğulayıb: “Bizim bu Putin və başqaları kimi dəli it uşaqlarımız var və biz həmişə nüvə münaqişəsindən narahat olmalıyıq, lakin bəşəriyyət üçün ekzistensial təhlükə iqlimdir”.

Bu arada Kremlin sözçüsü Dmitri Peskov Baydenin Putinə qarşı təhqirinə cavab olaraq qeyd edib ki, Baydenin Rusiya Prezidenti Vladimir Putinlə bağlı bəyanatları biabırçı və utancvericidir. ABŞ Prezidenti özünü “Hollivud kovboyu” tərzində aparmağa çalışır. Lakin Rusiya prezidenti heç vaxt özünə belə təhqirlərə icazə verməz.

Digər tərəfdən Rusiyanın ABŞ-dakı səfirliyi Co Baydenin rusiyalı həmkarı Vladimir Putinin ünvanına yönəlik təhqiramiz sözlərinə görə Dövlət Departamentinə nota göndərib.