Mart 05, 2024 16:48 Asia/Baku
  • Rusiya Ermənistanın Qərbə meyllənməsinə görə xəbərdarlıq etdi

Lavrov: Ermənistan nankorluq edir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov xəbərdarlıq edib ki, İrəvan Moskvadan uzaqlaşmağa və Qərblə həmrəy olmağa davam edərsə, Rusiya Ermənistanla münasibətlərinə ciddi şəkildə yenidən baxacaqdır.

Lavrov Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq təhlükəsizlik forumunda iştirak etdikdən sonra jurnalistlərə bildirib ki, Ermənistan liderləri öz ölkələrini “dünyanın heç bir yerində heç kimə heç bir faydası olmayan” dövlətlərə tərəf yönəldirlər.

O, baş nazir Nikol Paşinyanın Ermənistanı Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxarmaqla bağlı hədələrinə münasibət bildirərkən deyib: “Əgər bu, bütün Ermənistan rəhbərliyinin xalqın fikrinə əsaslanan qiymətdirsə, bu, Rusiya-Ermənistan münasibətlərində çox şeyə yenidən baxmağı zəruri edir. Biz İrəvanın yekun qərarının nə olacağının rəsmi təsdiqini gözləyirik”.

Lavrov Ermənistan rəsmilərini açıq-aşkar yalan danışmaqda ittiham edərək onların “nankor qiymətləndirmələri”ni pisləyib və bildirib ki, altı həftəlik müharibəni prezident Vladimir Putinin vasitəçiliyi ilə atəşkəs razılaşması ilə dayandıran Rusiya oldu.

Baş rus diplomatı Moskvanın Paşinyan hökumətinin Ermənistanın Rusiya ilə siyasi və hərbi müttəfiqliyinə son qoymaq qərarına necə reaksiya verəcəyini açıqlamayıb.

Paşinyanın daxili tənqidçiləri qorxurlar ki, ruslar Cənubi Qafqaz ölkəsinə qarşı nəinki sarsıdıcı iqtisadi tədbirlər görə bilər, həm də Azərbaycanın növbəti hücumuna yaşıl işıq yandıra bilər. Onlar deyirlər ki, Paşinyanın xarici siyasətdəki radikal dəyişikliyi ehtiyatsızlıqdır, çünki Qərb İrəvana heç bir təhlükəsizlik zəmanəti verməyə və ya əhəmiyyətli hərbi yardım göstərməyə hazır deyil.

Simonian keçən cümə axşamı jurnalistlərə danışarkən bu cür qorxuları rədd edib. O deyib: “Ruslar başqa nə edə bilərdi? Onlar artıq Azərbaycanın Dağlıq Qarabağı geri almasına və Ermənistanla sərhəd rayonlarını işğal etməsinə mane olmadılar”.

 

Teqlər