Rusiyadan Makrona cavab
Rusiyanın xarici Kəşfiyyat idarəsinin rəhbəri Sergey Narışkin, avropa liderlərinin necə məsuliyyətsiz olduqlarını və bununla dünyanı nüvə müharibəsinə sürüklədiklərini bildirib.
"Makronun bəyənatı bir daha göstərir ki, avropa dövlət başçıları nə qədər siyasi məsuliyyətsizlik nümayiş etdirirlər. Fransa prezidentinin simasında bunu görmək çox acınacaqlıdır. Təəssüflə qeyd etməliyik ki, Avropa və Şimali Atlantika Alyansının elit təbəqısinin danışıqlar aparmaq səviyyələri çox aşağıdır"- deyə Narışkin yerli telekanala müsahibəsində bildirib.
Rusiya prezidenti Vladimir Putin isə fransız liderin bu bəyənatına daha sərt cavab verib: "Fransa Rusiya ilə müharibə etmək istəyir? Buyursunlar gəlsinlər... lakin bir məsələni yaddan çıxarmasınlar ki, Rusiyanın hərbi potensialı Alyansın hərbi potensialı qədər olmasa da, onlar bu müharibədə qalib olmayacaqlar".
Fransa prezidentinə elə Avropanın daxilindən də reaksiya göstərilib.
Almaniyanın müdafiə naziri Boris Pistorius Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya yardımla bağlı qorxaqlıqdan əl çəkmə çağırışını, eləcə də Kiyevə qoşun göndərilməsi bəyanatını tənqid edib. Bu barədə “Tagesschau” məlumat yayıb.
“Məncə, quru qoşunlarının göndərilməsi və ya cəsarətlə bağlı müzakirələrə ehtiyacımız yoxdur. Diqqəti ən aktual problemlərə yönəltməliyik – məsələn, sənaye istehsal gücünün səmərəli və sürətlə artırılmasına, artilleriya və hava hücumundan müdafiə sistemləri üçün sursat istehsalına...” - o bildirib.
Pistorius əlavə edib ki, bu cür mübahisələr Ukraynanın üzləşdiyi problemlərin həllinə kömək etmir.
Qeyd edək ki, ötən gün Makron Çexiyaya səfəri zamanı Praqada fransalı həmvətənləri qarşısında çıxışı zamanı NATO üzvlərini Ukrayna müharibəsi ilə bağlı qorxaqlıq göstərməməyə çağırıb: “Avropanın həyatında qorxaqlıq nümayiş etdirməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Və düşünürəm ki, ölkələrimiz Avropada baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb və dayandırılması mümkün olmayan qüvvələr bizə hücum təhlükəsini genişəndirir. Biz tarixin çağırışlarına cavab verməli və lazımı cəsarət göstərməliyik”,- Makron deyib.