Dünya Rusiya terror aktına reaksiya verib
Rusiyanın paytaxtı Moskva yaxınlığındakı “Crocus City Hall” binasında silahlı şəxslərin insanlara atəş açması nəticəsində onlarla insanın həlak olması ilə nəticələnən terror aktından sonra reaksiyalar və qınaqlar yağır.
BMT Baş katibi Antonio Quterreş cümə günü baş verən ölümcül terror aktını ən sərt şəkildə pisləyib.
“Baş katib həlak olanların ailələrinə, Rusiya Federasiyası hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir”, - deyə onun mətbuat katibinin müavini Fərhan Haq bildirib. BMT-nin press-relizində deyilir: “O, xəsarət alanların tezliklə sağalmasını arzulayır”.
Təhlükəsizlik Şurası da cümə günü axşam yaydığı bəyanatda bu “iyrənc və qorxaq terror hücumunu” pisləyib.
“Şura üzvləri terrorizmin bütün forma və təzahürlərində beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən birini təşkil etdiyini bir daha təsdiqlədilər və bu qınaq doğuran terror aktlarının icraçılarının, təşkilatçılarının, maliyyəçilərinin və sponsorlarının cavabdeh edilməsinin və onların məsuliyyətə cəlb olunmasının vacibliyini vurğuladılar. ”, - deyə bəyanatda bildirilir.
Avropa İttifaqı da Moskva hücumundan "şoka düşdüyünü və dəhşətə gəldiyini" söyləyib.
"Aİ mülki şəxslərə qarşı hər hansı hücumu pisləyir. Fikrimiz zərər çəkmiş bütün Rusiya vətəndaşları ilədir", - Aİ sözçüsü bildirib.
Çinin Sinxua xəbər agentliyi xəbər verir ki, Çin prezidenti Si Cinpin rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.
Si, mesajında "Çin terrorizmin bütün formalarına qarşıdır və Rusiya hökumətinin milli təhlükəsizliyi və sabitliyi qorumaq səylərini qətiyyətlə dəstəkləyir" deyib.
Daha bir neçə ölkənin, o cümlədən Kuba, Venesuela, Boliviya və Qazaxıstanın prezidentləri də oxşar mesajlar göndərərək, hücumu pisləyib və başsağlığı veriblər.
Suriya Xarici İşlər Nazirliyi “qorxaq terror hücumunu” qəti şəkildə pisləyib. Bu barədə ölkənin SANA xəbər agentliyinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda deyilir: “Suriya bu qırğınlarla qarşılaşmaq və onların günahkarlarını ədalət qarşısında cavabdeh etmək üçün dünya səylərinin gücləndirilməsinin vacibliyini vurğulayır və Rusiya xalqı və rəhbərliyinə terror vəbasına qarşı mübarizədə dəstəyini təsdiqləyir”.
Özbəkistan, Pakistan, Əfqanıstan, İraq, Misir, Kipr, Qətər, Yaponiya, Hindistan və Fransa da bu terror aktını qınayıb, başsağlığı veriblər.
ABŞ-da Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi “dəhşətli atışma” qurbanlarına başsağlığı verib.
Fələstin Müqavimət Hərəkatı HƏMAS hücumu kəskin şəkildə pisləyib, Rusiya rəhbərliyinə və xalqına, həmçinin “cinayətkar hücum” qurbanlarının ailələrinə səmimi başsağlığı verib. HƏMAS yaralıların tezliklə sağalmasını arzulayıb və Rusiya xalqı ilə tam həmrəy olduğunu bildirib.