Avq 09, 2024 16:16 Asia/Baku
  • Hindistan istehsalı olan raket komplekslərinin Ermənistana təhvil verilməsinin vaxtı bilindi

“Akaş-1S” bu ilin sonunadək İrəvana çatdırılacaq

Hindistan bu ilin sonunadək Ermənistana “Akaş-1S” hava hücumundan müdafiə üzrə mobil sistemlərin tədarükünü həyata keçirəcək.

Müvafiq məlumatı “Indian Defence Research Wing” portalı yayıb.

Bildirilib ki, “Bharat Dynamics Limited” şirkətinin istehsalı olan bu sistem istiqamətləndirici döyüş başlığı ilə təchiz edilib.

Məlumata əsasən, Ermənistan 2022-ci ildə Hindistandan 15 ədəd “Akaş-1S” sistemləri alıb.

2022-ci ilin sentyabrından bəri Ermənistan Hindistanla azı 400 milyon dollarlıq müdafiə kontraktları imzalayıb. Ermənistan ordusunun Hindistandan artilleriya sistemləri, tank əleyhinə raketlər, antidron avadanlığı alacağı bildirilir.

Rusiyanın TASS dövlət xəbər agentliyi iyulun 23-də Hindistanın Maliyyə Nazirliyinə istinadla Ermənistanın Hindistanın ən böyük silah müştərisi olduğunu bildirmişdi.

Ermənistan Hindistandan habelə Pinaka raket-zenit sistemləri almağı planlaşdırır.

Bununla yanaşı Hindistan mediası ötən sentyabrda yazmışdı ki, növbəti üç ildə Ermənistana 90 ədəd haubitsa topları veriləcək.

Bu ilin may ayında İrəvanda Hindistanın hərbi rəsmilərinin iştirakı ilə ilk Hindistan-Ermənistan “müdafiə məsləhətləşmələri” keçirilib.

Ermənistan rəsmiləri 44 günlük müharibədə Moskvanı mövcud kontraktlara baxmayaraq İrəvana lazımi qədər silah verməməkdə ittiham edir. Ona görə də bu boşluğu doldurmaq üçün Fransa və Hindistana üz tutmağa məcbur olduğunu iddia edir.

 

 

Teqlər