Qəzzədə təhlükəsiz yer qalmayıb
İsrail rəhbərliyinin cəzalandırılması labüddür - TƏHLİL
Qaniçən İsrailin Qəzzədə hərbi cinayətlərinin davam etməsinə görə Benyamin Netanyahu başda olmaqla, bu rejim rəsmilərinin mühakimə olunması artıq bir zərurətə çevrilib.
BMT Baş katibinin müavini Rozemari Dikarlo "Qəzzədə heç bir yer təhlükəsiz deyil" deməklə vəziyyətin həddən artıq kritik olduğunu vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi də məlumat yayaraq bildirib ki, Sionist rejim təşkilatın bu ay Qəzzə zolağına yardım heyətlərinin göndərilməsi ilə bağlı tələblərinin üçdə birini rədd edib.
Ən son məlumatlara görə, Qəzzə zolağında son 10 ayda 17 min uşaq şəhid olub və onlardan 2100-ü körpədir.
Bu arada hüquq müdafiəçiləri xəbərdarlıq edirlər ki, Qəzzə sakinlərini köçməyə məcbur etmək hərbi cinayətlərin obyektiv nümunəsi hesab olunur.
Bir müddət əvvəl sionist rejimin maliyyə naziri demişdi: “İki milyon fələstinli acından ölsə belə, Qəzzə zolağına humanitar yardım göndərilməsinin qarşısını almaq haqlı və əxlaqi bir işdir”.
Buna cavab olaraq Avropa İttifaqının xarici siyasət rəhbəri Cozef Borrel bildirib ki, mülki əhalinin qəsdən ac saxlanılması müharibə cinayətidir və Smotriçin şərhləri beynəlxalq hüquqa və əsas insani prinsiplərə qarşı təhqirdir.
Bu həqiqəti nəzərə alaraq, Təhlükəsizlik Şurasının hərəkətə keçməsi, eləcə də Beynəlxalq Cinayət Məhkəməsinin sionist rejimin rəsmiləri, xüsusilə də Netanyahunu axtarışa verməsi vacib məsələ hesab olunur.
Xatırladaq ki, mayın 20-də Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan Benyamin Netanyahu və müharibə naziri Yoav Qalantın həbsinə order verilməsi tələbini təqdim edib.
Məhkəmənin prokuroru vurğulayıb ki, İsrail hakimiyyəti sistemli şəkildə fələstinliləri adi həyatdan məhrum edib.
Haaqa Beynəlxalq Cinayət Məhkəməsi dünyada yeganə daimi beynəlxalq məhkəmədir ki, müharibə cinayətləri, soyqırım və insanlığa qarşı cinayətlərdə ittiham olunan insanları mühakimə etmək səlahiyyətinə malikdir.
İndi ölkələr və beynəlxalq təşkilatlar, xüsusilə də Təhlükəsizlik Şurasının üzvləri və digər beynəlxalq qurumlar, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsi ağır bir məsuliyyətlə üz-üzə qalıblar.