Rusiya ilə bank əməliyyatlarına görə ABŞ Türkiyəyə təzyiqi artırıb
ABŞ Rusiya ilə əməliyyatlara görə Türkiyə banklarına güclü təzyiq göstərir. Bu barədə "RİA Novosti" Türkiyənin maliyyə bazarındakı bir mənbəyə istinadən xəbər verib.
"Hazırda istər dövlət, istərsə də özəl banklarımız Rusiyaya qarşı tətbiq edilən son sanksiyalar paketi fonunda ABŞ tərəfindən artan təzyiqlərlə üzləşirlər", "RİA Novosti"nin həmsöhbəti bildirib.
Mənbənin sözlərinə görə, Rusiyadan və Rusiyaya pul köçürmələrinin bütün mənbələri yoxlanılır, baş ofislərin gücləndirilmiş nəzarəti altında rusiyalılar üçün bank hesabları açılır. Bu yaxınlarda Türkiyə bankları Rusiya şirkətlərinin hesablarını bağlamaq məcburiyyətində qalıblar.
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov izah edib ki, baş verənlər ABŞ-ın Türkiyəyə qarşı tamamilə görünməmiş, açıq-aşkar və aqressiv təzyiqləri nəticəsində baş verib.
Türkiyə və Rusiya hakimiyyət orqanlarının ABŞ-ın ikinci dərəcəli sanksiyaları təhlükəsi səbəbindən bu ilin əvvəlində yaranan köçürmələrlə bağlı problemini həll etmək variantı olaraq ortaq bank yaradılmasını müzakirə etdiyi bildirilir.