Rusiyalı generalı kim öldürüb?
Özbəkistan vətəndaşı terrorda iştirak edən şəxs qismində saxlanıldı
Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəhbəri İqor Kirillov və onun köməkçisinin qətlində şübhəli bilinən şəxs saxlanılıb.
Rusiya İstintaq Komitəsindən məlumat veriblər ki, general və köməkçisinin qətlində iştirak edən şəxs 1995-ci il təvəllüdlü Özbəkistan vətəndaşıdır.
Şübhəli istintaqa ifadəsində bildirib ki, Ukrayna xüsusi xidmət orqanları ona generalın qətlinə görə 100 min dollar pul mükafatı və Avropa ölkələrinin birində yaşamaq hüququ vədi verib.
İstintaq Komitəsinin rəsmisi İrina Petrenko deyib: “Özbəkistan vətəndaşı Ukrayna tərəfinin tapşırığına əsasən, Moskvaya yollanıb və partlayıcı qurğu əldə edib. Daha sonra qurğunu skuterə yerləşdirib və onu general Kirillovun yaşadığı mənzilin yanına qoyub. Müşahidə aparmaq üçün icarəyə avtomobil götürüb və ora kamera quraşdırıb. General binadan çıxan kimi partlayıcı qurğu işə salınıb”.
Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, generalın qətli bütün bu illər ərzində Kiyev rejimi yaraqlılarının hərbi cinayətlərini Qərbin təsdiqləməsi spiralının davamı və inkişafı idi.
XİN rəsmisi RİA Novosti-yə də müsahibəsində qeyd edib ki, Vaşinqtonun məlum terror aktında iştirak etməməsi ilə bağlı bəyanatı gülüncdür, çünki ABŞ Kiyev rejimini yaradıb və ona sponsorluq edir.
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə axşamı bildirib ki, Kirillovun ölümü ilə nəticələnən Moskvada baş verən terror aktı ilə ABŞ-ın heç bir əlaqəsi yoxdur.
Dünən səhər Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov öldürülüb.