Dek 22, 2024 14:06 Asia/Baku
  • Tramp Avropa İttifaqı ölkələrini hədələyib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Avropa İttifaqı ölkələrinin Vaşinqtonun enerji resurslarını almayacağı təqdirdə rüsumlar tətbiq etməklə hədələyib.

Tramp bu barədə “Truth” sosial şəbəkəsində yazıb: "Mən Avropa İttifaqına xəbərdarlıq etdim ki, üzv ölkələr ABŞ ilə münasibətlərindəki kəsiri bizim böyük həcmdə neft və qazımızı almaqla kompensasiya etməlidirlər. Əks halda bu, daimi rüsumlarla nəticələnəcək!".

Ticarət tariflərinin tətbiqi Trampın dünyanın müxtəlif ölkələri, xüsusilə də Vaşinqtonun ticarət tərəfdaşları ilə ən mühüm mübahisələrindən biridir. O, ilk prezidentlik dövründə də tarif siyasətlərinin icrası ilə Çin və Avropaya qarşı ciddi ticarət müharibəsi başlatdı.  

Trampın Avropa ilə ticarət müharibəsi 2018-ci ildə Avropa İttifaqından polad və alüminium idxalına tətbiq edilən rüsumlarla başladı.

Bunun ardınca Avropa İttifaqı da bəzi ABŞ məhsullarına 25 faizlik tariflər tətbiq etdi.