ABŞ-da eyni anda terror aktı və avtomobil partlaması baş verib
ABŞ ordusunun veteranının Nyu Orlean şəhərində hücumu nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
ABŞ-ın Luiziana ştatının New Orlean şəhərindəki Burbon küçəsində yük maşını sürücüsünün Yeni ili qeyd edən izdihamı qəsdən vurması nəticəsində 15 nəfərin öldüyü və 35 nəfərin yaralandığı təsdiqlənib.
FTB hücumun terror aktı olduğunu bildirib.
ABŞ prezidenti Co Bayden bu haqda deyib: "Mən milli təhlükəsizliyə hələ də təhdid olub-olmadığını araşdırmağı əmr etmişəm. Bildiyimiz odur ki, qatil Texasda doğulmuş ABŞ vətəndaşı olub və uzun illər ABŞ ordusunda xidmət edib. Hücumdan əvvəl sosial şəbəkələrdə yerləşdirdiyi videolar onun İŞİD-dən ilhamlandığını göstərir".
FTB müstəntiqi Altea Danken də deyib: "42 yaşlı Şəmsuddin Cabbarın avtomobilində İŞİD bayrağı və əllə hazırlanmış bir neçə bomba olub. FTB onun bu terror qruplaşması ilə əlaqəsini araşdırır".
ABŞ CNN kanalının saytı bu haqda yazıb: "ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Maykl Morell yayda ABŞ-da terror xəbərdarlığı işıqlarının "qırmızı yanıb-sönməsi" ilə bağlı xəbərdarlıq etmişdi".
Bu qanlı hadisədən bir neçə saat sonra Las-Veqasda Trampın otelinin qarşısında İlon Maskın idarə etdiyi Tesla şirkətinin istehsalı olan avtomobil partlayıb.
Partlayış nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
FTB-nin Las-Veqas ofisinin məsul xüsusi agenti Ceremy Şvartz deyib: "Bu partlayışın terror aktı olması ehtimalı var. Ona görə də bu sahədə araşdırmalarımız davam edir".
Co Bayden də bildirib ki, bu iki hadisə arasında əlaqə ehtimalı var.
Bayden deyib: “Biz bu partlayışla Yeni Orleandakı terror aktı arasında əlaqənin olub-olmadığını müəyyən etmək üçün Trampın Las-Veqasdakı otelinin qarşısında Tesla Cybertruck-ın partlamasını araşdırırıq".