Mart 23, 2025 10:45 Asia/Baku
  • Ermənistan üçün “Alican” açıldı - ABŞ alqışladı

Amerika Birləşmiş Ştatları Ermənistanın Suriyaya humanitar yardım göstərməsinə imkan yaratmaq üçün “Marqara”-“Alican” sərhəd keçid məntəqəsinin müvəqqəti açılmasına görə Ermənistan və Türkiyə arasında əməkdaşlığı alqışlayıb.

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun əməkdaşı Lui Bono X sosial şəbəkəsində bu barədə yazıb: “Bu, Cənubi Qafqazda əməkdaşlığın bütün regiona necə fayda verdiyini göstərir”.

Qeyd edək ki, ötən gündən Ermənistan və Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsi açılaraq, 4 yük maşını Türkiyəyə daxil olub.

“Marqara” keçid məntəqəsinin martın 31-dək açıq olacağı bildirilir.

Azərbaycanda isə Türkiyənin bu addımı Ermənistana “nəfəslik” verilməsi kimi qiymətləndirilir.

Azərbaycan hakimiyyətinə yaxın axar.az portal bununla bağlı dərc etdiyi məqalədə bildirir: “Ankara sərhədləri bağlı saxlasa da, Ermənistandan Türkiyəyə və əksinə yük daşımaların, eləcə də səyahətlərin olduğu məlumdur: hər şey həqiqətən Ermənistanın “Suriyaya humanitar yardım aparması”ndan ibarətdirsə, niyə indiyə qədər istifadə edilən yollardan yox, məhz “Marqara”dan keçirlər?

Marqara sərhəd-keçid məntəqəsi AB-nin maliyyəsi ilə inşa edilib. Məqsəd Türkiyə ilə sərhədin açılması məsələsində Ermənistanın “ev tapşırığını” yerinə yetirməsi və Ankaranı “hər şey hazırdır” faktı qarşısına qoymaq idi. Çünki:

- Ermənistanın Avropaya inteqrasiya siyasətinin praktiki nəticəsi Türkiyə ilə sərhədin açılmasından keçir;

- Cənubi Qafqazda Ermənistanı platforma kimi istifadə edən AB-nin regionda mövcudluğunu davam etdirməsi də İrəvanın “yolunun açılması”dır.

Müəllif qeyd edir ki, İrəvanda olduğu kimi, Brüsseldə də Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycan amilinin rol oynamasına qarşıdırlar… İndi Marqara keçid məntəqəsinin açılması Türkiyədə “Azərbaycan olmadan Ermənistanla münasibətlərin normallaşması” xəttinin rəsmi səviyyəyə yüksəlməsidirmi? Bakının cavab axtardığı suallardan biri məhz budur. Ancaq Bakı olmadan İrəvanla normallaşma xətti önə çıxarsa, Ermənistan “nəfəslik” qazanacaq.