ABŞ hərbçiləri Ermənistana gəldi:
Azərbaycana qarşı qeyri-rəsmi təzyiq artırılır
Amerikada Ermənistanın xeyrinə təbliğat-təşviqat kampaniyasının; o cümlədən erməni əsirlərin azad edilməsi tələblərinin artması fonunda ABŞ hərbi departamentinin əməkdaşları və hərbçilər də daxil olmaqla, amerikalıların böyük bir qrupu Ermənistana gəlib.
Ermənistanın “Hraparak” nəşri Müdafiə Nazirliyindəki mənbəyə istinadla xəbər yayıb ki, səfərin məqsədi Ermənistan-Amerika hərbi əməkdaşlığı üzrə birgə proqramlar üzərində işləməkdir. Lakin mənbə hansı proqramların müzakirə olunduğunu açıqlamır.
Nəşr məlumatı dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinə müraciət edib. Ermənistan MN-dən bildirilib ki, daim beynəlxalq əməkdaşlıq haqqında məlumat verilir, bu barədə isə əlavə məlumat verilməyəcək.
Qeyd edək ki, bundan öncə ABŞ-ın təlim bəhanəsi ilə Almaniyadan 150-dən çox hərbi texnikanı və əsgərlərini Ermənistana köçürəcəyi haqda məlumat yayılmışdı. Bəzi media qurumları isə bu hərbi texnika və canlı qüvvənin sentyabra qədər Ermənistanda qalacağını bildirmişdi.
Xatırladaq ki, Birləşmiş Ştatlar hökuməti Cənubi Qafqazda sülh vasitəçiliyini Rusiyanın əlindən çıxarmağa və Ermənistana nəzarəti öz əlinə keçirməyə çalışır.
Bəzi şərhlərə görə isə ABŞ sülh sazişinin imzalanmasına tələsir və rəsmi Bakının şərtlərinə qarşı çıxaraq ona həmin şərtlərdən vaz keçməsi üçün təzyiq göstərməy başlayıb.
Bakının əsas şərtləri Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən konstitusiyanın dəyişdirilməsi və Minsk Qrupunun ləğvi ilə əlaqədar birgə müraciətin edilməsidir.
Ermənistan hər iki məsələdə müqavimət göstərir və ABŞ-ın köməyi ilə Azərbaycanı güzəştə vadar etmək niyyətindədir.