Türk Dövlətlərinin ittifaqı pozulur
Mərkəzi Asiya dövlətləri Brüsselin şərtini yerinə yetirirlər
Mərkəzi Asiyanın türk dövlətlərini Kipr (yunan) Respublikasını rəsmən tanımağa, hətta orada səfirlik açmağa təşəbbüs göstərməsi ekspert dairələrində qızğın müzakirələrə səbəb olub.
Hakimiyyətə yaxınlığı ilə seçilən azərbaycanlı politoloq Elxan Şahinoğlu öz feysbuk hesabında yazır: “Axı bu ölkələrin liderləri bilməliydilər ki, bununla həm Türkiyə ilə münasibətlərə, həm də özlərinin iştirakçısı olduğu Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinə zərər verəcəklər”.
Politoloq qeyd edib ki, Mərkəzi Asiya ölkələri Kipr (yunan) Respublikasının ardınca Kuzey Kıbrıs Türk Cumhuriyyətini (KKTC) tanımağa qərar versəydilər, bunu strateji addım kimi qiymətləndirmək olardı. Ancaq Mərkəzi Asiya ölkələrinin KKTC-ni tanıyacaqlarına işarət edən heç nə yoxdur. Digər tərəfdən Mərkəzi Asiya ölkələrinin Kipr (yunan) Respublikası ilə eyni anda bağlar qurması həmin dövlətlərin bunu bir-birləriylə koordinasiyalı və planlı şəkildə həyata keçirdiyi görüntüsü yaradıb. Onların bu planından nə Ankaranın, nə də Bakının əvvəlcədən xəbəri olub.
Müəllifin yazdığına görə, Kipr (yunan) Respublikası ilə sıx əlaqələr Brüsselin istəklərindən biri olub. Avropa İttifaqı Mərkəzi Asiya dövlətlərinə milyardlarla avro yatırımlar və ortaq layihələrin reallaşmasını vəd edib. Ancaq Brüsselin bu “istəyinin” yerinə yetirilməsi türk ittifaqının maraqlarına uyğun deyil.
Xatırladaq ki, aprelin 4-də Özbəkistanın Səmərqənd şəhərində Avropa İttifaqı-Mərkəzi Asiya ölkələrinin sammiti keçirilib. Müzakirələrdən məlum olub ki, region ölkələri nəqliyyat və rəqəmsal əlaqə, mühüm xammal, təhlükəsizlik və enerji sahələrində daha çox Avropa İttifaqı ilə əməkdaşlığa üsünlük verir. Və bu çərçivədə qurumun üzvü olan Kipr Respublikası ilə normal əlaqələrin qurulmasında maraqlıdırlar.
Bu kontekstdə Mərkəzi Asiya ölkələrinin Şimali Kipri tanımaqdan imtina etməsi demək olar ki, Türk Dövlətləri Birliyinin ya dağılmasına ya da formal bir qrupa çevrilməsinə gətirib çıxaracaqdır.