Bakının tələblərinə məhəl qoyulmur
Aİ missiyası Ermənistan-Azərbaycan sərhədində gecə patrullarını artırıb
Avropa İttifaqının Ermənistandakı mülki monitorinq missiyası gecə saatlarında təhlükəsizliyi yaxşılaşdırmaq və potensial gərginliyi azaltmaq adı altında mart ayından etibarən Ermənistan-Azərbaycan sərhədində gecə patrullarının sayını artırıb.
Missiyanın mətbuat xidməti xəbər verir ki, müşahidəçilər Ermənistanın müvafiq qurumları ilə gecə-gündüz əlaqə saxlayırlar.
Ermənistanın Müdafiə Nazirliyi iddia edir ki, Azərbaycan ordusu mart ayından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin mövqelərini və sərhədyanı kəndlərdə yaşayan sakinlərin evlərini atəşə tutur.
Oxşar ittiham Azərbaycan tərəfindən də tez-tez irəli sürülür və bu dövlət Avropa İttifaqı missiyasının sərhəddə qalmasının qəti əleyhinədir.
Tənqidlərə cavab olaraq, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, sülh sazişi imzalanandan sonra ümumi sərhədlərdə üçüncü qüvvələr yerləşdirilməyəcək.
Xatırladaq ki, sərhəddə gərginliyin artması ilə aprelin 8-də Britaniyanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Azərbaycanın cənub-qərbinə – Ermənistanla sərhədyanı bölgələrə getməməyi tövsiyə edib.