Pentaqon çaşbaş qalıb
ABŞ-ın Yəmənə qarşı hərbi əməliyyatları uğursuzluğa uğrayır
ABŞ-ın Yəmənə qarşı irimiqyaslı hərbi əməliyyatlarının başlamasından bir neçə həftə sonra Amerika mediası Tramp administrasiyasının məqsədlərinə çatmadığını etiraf edib.
Aprelin 22-də ABŞ-ın "Foreign Policy" jurnalı "Trampın husilərə qarşı müharibəsi heç bir nəticə vermir" başlıqlı məqaləsində ABŞ Hərbi Dəniz Qüvvələrinin Yəmən Ənsarullah qüvvələrinin mövqelərinə qarşı nəticəsiz hücumlarına toxunaraq yazıb: “Tramp administrasiyasının husilərə qarşı hücumlarını artırmasından beş həftə sonra, real nəticə yoxdur”.
Müşahidələr onu deməyə əsas verir ki, ABŞ-ın zərbələri indiyədək bəyan edilmiş məqsədlərinə nail ola bilməyib: Qırmızı dənizdə naviqasiya azadlığının bərpasını təmin etmək. İndiyədək ABŞ-a 1 milyard dollardan çox ziyan vuran hücumlara baxmayaraq, Qırmızı dəniz və Süveyş kanalı ilə gəmiçilik aşağı səviyyədə qalır. Ənsarullah qüvvələri isə Trampın Yəmən “bataqlığına” girməsi ilə bağlı xəbərdarlıq etməklə yanaşı, bölgədəki İsrail və ABŞ hərbi gəmilərinə qarşı hücumlarını gücləndiriblər.
Ali Siyasi Şuranın sədri və Yəmənin Milli Müdafiə Şurasının rəhbəri Mehdi Əl-Məşat aprelin 20-də deyib: “Amerikanın Yəmənə hücumu ilk gündən uğursuz oldu. Birləşmiş Ştatlar beynəlxalq normaları pozan hərəkətlərinə görə cəzalandırılacaq. Tramp bizi bataqlıqda boğmaq istəyir, amma biz elə edəcəyik ki, özü bataqlıqda qalsın. Amerika xalqı bilməlidir ki, Tramp onları rüsvay edib və Amerika Yəməndə əvvəldən uğursuzluğa düçar olub”.
Beləliklə də müqavimət davam edir və yəmənlilər İsrail və Amerika hərbi gəmilərinə hücumlarını gücləndiriblər.
CNN xəbər kanalı Pentaqon rəsmisinə istinadən hücumların Ənsarullahın Qırmızı dənizdə hücumlarını davam etdirmə imkanlarına ciddi təsir etmədiyini bildirib. CNN sözügedən mənbələrə istinadən yazıb ki, Amerika rəsmiləri Ənsarullahın hələ də yeraltı istehkamlar qurmaq və silah saxlamaq iqtidarında olduğunu etiraf ediblər.
Beləliklə, görünür, Yəmənə qarşı kütləvi hərbi hücumun əvvəlində şişirdilmiş iddialarla çıxış edən Donald Tramp indi prezidentliyinin ilk yüz günündə Yəmənə hücumu da başqa uğursuzluqlar siyahısına əlavə etməlidir.