Avq 18, 2025 15:33 Asia/Baku
  • Tramp Ukraynanı ərazi güzəştinə vadar etmək istəyir - VACİB

Ukrayna prezidenti Vaşinqtona gedib. Tramp Nobel Sülh Mükafatından ötrü Ukrayna torpaqlarını pay-püşk etməyə və Zelenskini buna razı salmağa çalışır.

Yayılan məlumatlara görə, Donald Tramp Zelenskidən müharibəni dayandırmasını və bunun qarşılığında Donbasın Rusiyaya ilhaq edilməsini istəyəcək.

Məlumatda bildirilir ki, Kreml bunun əvəzinə Ukraynaya daha hücum etməyəcəyi və Qərb ölkələrinin Kiyevə verəcəyi təhlükəsizlik təminatını tanıyacağını vəd edib.

Zelenski Vaşinqtona səfərdən əvvəl açıqlama verərək Ukrayna Konstitusiyasına zidd qərar verməyəcəyini və Donbasdan imtina etməyəcəyini vurğulayıb.

Bu arada prezident İlham Əliyevin bu yaxınlarda Ukraynanı işğalla barışmamağa çağırması fonunda, Amerika prezidentinin Avropa ölkəsinə xəyanəti Azərbaycanda böyük hiddət doğurubdur. Politoloq Elxan Şahinoğlu bununla bağlı öz Facebook hesabında yazır: “Trampa nə yolla olursa-olsun müharibəni dayandırmaq, seçkiqabağı vədini yerinə yetirməklə reytinqini artırmaq və Nobel Sülh Mükafatı almaq lazımdır. Lakin yeganə maneə Zelenskinin kapitulyasiyaya müqavimət göstərməsidir”.

Politoloq Şahin Cəfərli isə son məqaləsində ABŞ prezidentini cahil və nadan adlandıraraq bunları qələmə alıb: “Zelenski və Avropa liderləri bu gün Ağ Evdə ABŞ-ı idarə edən cahilə mövcud vəziyyəti, Avropanın və Qərbin ümumi maraqlarını, Ukraynanı qorumağın vacibliyini başa salmağa çalışacaqlar. Amma ciddi-ciddi, məmnun bir tərzdə "Putin mənə bildirdi ki, sizin seçki sistemi təkmil deyil, saxtakarlığa şərait yaradır", fəxrlə "Putin mənə dedi ki, sən gələndən Amerika tapança kimi irəli gedir" deyən bir nadana nəyi, necə anlatmaq olar ki?”.