Avq 21, 2025 12:18 Asia/Baku
  • Ağ Evin sahibi: “Aber-baycan ilə Albaniya”nı mən barışdırdım!

Nobel Sülh Mükafatı üçün özünə CV yığmağa başı qarışan ABŞ prezidenti növbəti dəfə lovğalıq edərək Cənubi Qafqaz ölkələrinin adlarını səhv tələffüz edib.

Donald Tramp deyib: “Aber-baycan və Albaniya arasında müharibəni mən dayandırdım”.

Onun bu sözləri əslində Azərbaycan və Ermənistan arasındakı münaqişəyə və Ağ Evdə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın prezidenti İlham Əliyevlə keçirdiyi son görüşə işarədir. Həmin görüşdə tərəflər birgə bəyannamə imzalayıb və sülh müqaviləsinə ilkin imza atıblar, lakin sənədi rəsmən təsdiqləməyiblər.

Trampın çıxışı onun həll etdiyini iddia etdiyi yeddi münaqişədən ibarət siyahının fonunda səslənib. Və görünür, o Nobel Mükafatına CV yığmaqdan ötrü dəridən qabıqdan çıxır.

Hindistan–Pakistan müharibəsinin “ən asan” həll olunan münaqişə olduğunu dedikdən sonra o, Ermənistan–Azərbaycan münaqişəsinə toxunub:

“Çox inanılmaz şeylər baş verdi. Siz Aber-baycanı gördünüz. Bu, 34–35 ildir Albaniya ilə davam edən böyük bir şey idi. Fikirləşin, illərdir davam edirdi və mən liderləri tanımağa başladım, ticarət vasitəsilə onları tanıdım. Bir az onlarla işləyirdim və dedim ki, ‘Niyə siz döyüşürsünüz?’ Sonra da dedim: ‘Əgər siz döyüşsəniz, mən sizinlə ticarət müqaviləsi bağlamayacam’. Bu, dəhşət idi.”

Tramp daha sonra Ağ Evdə keçirilən Paşinyan–Əliyev görüşündən danışıb: Sitat: “Bir söz digərini gətirdi və mən o məsələni həll etdim. Halbuki, hamı deyirdi ki, bu münaqişəni həll etmək mümkün deyil. Hətta sonda Oval ofisdə ikisini də yan-yana əyləşdirəndə, sənədi imzalamağa hazırlaşarkən, bir-birindən qaçmağa çalışırdılar, özlərini narahat hiss edirdilər. Amma bir saatın sonunda bir-birlərini qucaqlayıb təbrik edirdilər. Açığı, izləmək çox gözəl idi.”