BMT-nin silah üzrə sabiq inspektoru Ermənistanı ağıllı olmağa çağırdı
“Bu kurs intihara bərabərdir, fəlakətlə nəticələnəcək!”
BMT-nin silah üzrə sabiq inspektoru Ermənistanın Qərbə meyillənmə siyasətini intihara bərabər hərəkət adlandıraraq xəbərdarlıq edib ki, bu kurs axırda fəlakətlə nəticələnəcək.
ABŞ-ın keçmiş dəniz piyadası, İraqda BMT-nin silah inspektoru, tanınmış analitik Scott Ritter öz çıxışı zamanı Ermənistanın Rusiyadan uzaqlaşmasını böyük səhv addım kimi xarakterizə edib: “Rusiyadan başqa dostunuz yoxdur. Oyun oynayırsınız, amma uduzacaqsınız”, - deyə Ritter vurğulayıb.
Analitik çıxışını belə bir xəbərdarlıqla davam etdirib: “Əgər Ermənistan indiki siyasəti davam etdirsə, evi kağızdan tikilmiş bir varlıq kimi çökəcək”.
Keçmiş inspektorun fikrincə, Ermənistanın Qərbə yönəlməsi real güc balansına uyğun deyil, onun yeganə strateji dayağı Rusiya ola bilər. Əks halda, dövlətin mövcudluğu risk altına düşəcək.
O qeyd edib ki, ABŞ və Qərb kiçik ölkələri istifadə edib sonra tərk edirlər. Buna görə də kiçik dövlətlərin Qərbə ümid bağlaması intihara bərabərdir.
Xatırladaq ki, Paşinyan hökuməti son illərdə açıq şəkildə Rusiyadan uzaqlaşaraq, Avropa İttifaqı və ABŞ-a yaxınlaşıb.
Cənubi Qafqaz ölkəsi olan Azərbaycan Respublikası da son zamanlar oxşar siyasət yürüdür. Bu dövlət AZAL təyyarəsinin vurulmasından sonra Ermənistan kimi Rusiya ilə məsafə saxlamağa başlayıb və sürətlə Qərbə, o cümlədən də Amerikaya yaxınlaşmaq yolunu tutub. Ancaq bu siyasi kursun və transregional əməkdaşlığın nə ilə nəticələnəyi hələlik bəlli deyil.