Tramp Hindistan rəhbəri tərəfindən təhqir olundu
Modi ABŞ prezidentinin telefon zənglərinə cavab verməyib
Tramp dörd dəfə Hindistanın baş nazirinə zəng vurmağa çalışsa da, Modi cavab verməkdən imtina edib.
Almaniyada çıxan Frankfurter Allgemeine Zeitung qəzeti mötəbər mənbələrə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp son həftələrdə Hindistanın baş naziri Narendra Modi ilə telefonla danışmağa dörd cəhd edib, lakin Modi zəngləri qəbul etməyib.
Qəzet daha əvvəl Trampın Hindistana 25%-lik tariflər tətbiq etməklə onu “ölü iqtisadiyyat” adlandıraraq şoka saldığına diqqət çəkir. Frankfurter Allgemeine Zeitung yazır: "Modinin Trampla telefon danışığı aparmaq istəməməsi Hindistanın baş nazirinin ABŞ prezidentinin etdiklərinə görə nə dərəcədə qıcıqlandığını nümayiş etdirir”.
Qəzet onu da qeyd edir ki, Trampın Pakistanla münasibətləri gücləndirmək planları da Hindistan hökumətini əsəbiləşdirir.
Xatırladaq ki, avqustun 6-da ABŞ Nyu-Dehlinin Rusiya neft və neft məhsullarını almasını əsas gətirərək Hindistan mallarına rüsumları 25%-dən 50%-ə qaldırdı. Tramp Cənubi Asiya ölkəsini həmişə müdafiə avadanlığının əsas hissəsini Rusiyadan aldığına və Rusiya enerjisinin ən böyük alıcısına görə tənqid edib. Hindistan Xarici İşlər Nazirliyi ABŞ və Aİ-nin Rusiyadan neft idxalı ilə bağlı tənqidlərini əsassız adlandırıb.