Amerika prezidentindən təhlükəli addım:
Ukraynaya Tomahavk raketləri verilir - AKTUAL
Tramp Ukraynaya “Tomahavk” raketlərinin verilməsi ilə bağlı qərar qəbul etdiyinə eyham vurub.
RİA Novostinin məlumatına əsasən, ABŞ Prezidenti qeyd edib ki, Ukraynaya “Tomahavk” qanadlı raketlərinin verilməsi barədə qərarını demək olar ki, qəbul edib, lakin əvvəlcə Kiyevin bu silahları necə istifadə etməyi planlaşdırdığını anlamaq istəyir.
Tramp Ağ Evdə jurnalistlərin sualına cavab verərkən deyib: “Bəli, mən artıq, ümumilikdə, qərarımı vermişəm... Sadəcə bilmək istəyirəm ki, onlar bu raketlərlə nə edəcəklər, hara göndərəcəklər”.
Eyni zamanda, Donald Tramp bir daha vurğulayıb ki, Ukraynada münaqişənin gərginləşməsini istəmir.
Sentyabr ayında ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirmişdi ki, Ağ Ev administrasiyası Ukraynaya “Tomahavk” raketlərinin ötürülməsi imkanını müzakirə edir, lakin son qərar Donald Trampa məxsusdur.
Bir qədər əvvəl isə Trampın xüsusi elçisi Kit Kellog isə dəqiqləşdirmişdi ki, bu məsələ ilə bağlı hələ qəti qərar yoxdur.
Telegraf qəzetinin məlumatına görə, Ukrayna Prezidenti Vladimir Zelenski sentyabrın ortalarında ABŞ prezidenti ilə görüşü zamanı belə silahların tədarükünü xahiş edib.
Axios portalı yazıb ki, bu, Kiyevin müraciətində Trampın rədd etdiyi yeganə bənd olub, digər məsələlər üzrə isə o, dəstəyini bildirib.
Bu arada Wall Street Journal qeyd edir ki, Tramp Amerika istehsalı uzaqmənzilli silahların Rusiyanın dərinliklərindəki hədəflərə qarşı istifadəsinə qoyulmuş məhdudiyyətlərin qaldırılmasına açıq olduğunu bildirib, lakin hələ bu məhdudiyyətlərin rəsmi şəkildə ləğvinə dair birbaşa öhdəlik götürməyib.
Beynəlxalq “Valday” Diskussiya Klubunun iclasında isə Vladimir Putin bəyan edib ki, Rusiya hər hansı təcavüzkar addımlara cavab verməyə hazırdır.