Okt 15, 2025 15:26 Asia/Baku
  • Pakistan ordusu Taliban qüvvələrinin ağır itkilər verdiyini iddia edir

Pakistan-Əfqanıstan sərhəddində qısa bir sakitlikdən sonra gərginlik yenidən alovlanıb. Tərəflər bir-birinin mövqelərini hədəf almağa başlayıb və bu arada Pakistan ordusu 6 Əfqanıstan tankını məhv etdiyini və Taliban qüvvələrinin ağır itkilər verdiyini iddia edib.

Pakistan ordusu bir neçə saat əvvəl açıqlama verərək, bildirib ki, ölkənin şimal-qərbində yerləşən Kurram sərhəd nöqtəsi Taliban qüvvələrinin ağır atəş və hücumlarına məruz qalıb və dərhal Pakistan qüvvələrinin reaksiyası ilə qarşılanıb.

Pakistan ordusunun iddiasına və Əfqanıstan ərazisindəki bir neçə hədəfin vurulmasına dair yayımlanan görüntülərə əsasən, Talibanın 6 tankı və onların içindəki heyəti məhv edilib, silahlıların əsas toplaşma məntəqələri də yüksək dəqiqliklə hədəfə alınıb.

Pakistan qüvvələri Şəmşad və Nərgisar sərhəd postlarını da hədəf alıblar ki, nəticədə çoxlu sayda sərhədçi, o cümlədən Təhrike-Talibani-Pakistan qruplaşmasının üzvləri öldürülüb.

Bununla yanaşı, Pakistan ordusu və bu ölkə mediası Talibanla son toqquşmalarda öz itkiləri və zərərləri barədə heç bir statistik məlumat açıqlamayıb. 

Pakistan və Əfqanıstan arasında görünməmiş toqquşmalar bu ayın əvvəlində Kabil və Əfqanıstanın digər vilayətlərində baş verən bir sıra partlayışlardan sonra başlayıb. Kabilin iddiasına görə, bu hadisələrin arxasında Pakistan ordusu dayanır. Lakin İslamabad bu iddianı nə təsdiq, nə də təkzib edib.