Okt 20, 2025 14:32 Asia/Baku
  • Trampın avtoritar meylləri cəmiyyət üçün real təhlükədir – TƏHLİL

Amerika Birləşmiş Ştatlarının 50 ştatında milyonlarla insanın “Krallara yox!” şüarı altında küçələrə axışaraq Donald Trampın avtoritar meyllərinə qarşı etiraz aksiyaları keçirməsi ölkə tarixində unikal hadisə sayılır.

Bu aksiyalar oktyabrın 18-də ölkə boyunca təşkil olunub. Təşkilatçılar bildiriblər ki, "prezident mütləq gücə malik olduğuna inanır, lakin Amerikada krallar yoxdur və biz xaosa, korrupsiyaya və qəddarlığa qarşı mübarizədə təslim olmayacağıq".

Medianın təxminlərinə görə, bu aksiyalar Birləşmiş Ştatlarda son illərin ən genişmiqyaslı ictimai hərəkatlarından biri hesab olunur. Təşkilatçılar arasında liberal və insan haqları təşkilatları, həmçinin bir çox həmkarlar ittifaqları yer alıb. Ümumilikdə 200-dən çox təşkilatın koordinasiyasında keçirilən bu aksiyalarda 7 milyon insanın iştirak etdiyi bildirilir.

Etirazçılar Trampın son aylardakı bəyanatlarını, xüsusilə də onun “hakimiyyətin məhdudiyyətlərindən bezməsi” və “ölənədək prezident olmaq istəyi” kimi çıxışlarını ABŞ Konstitusiyasına qarşı bir təhdid kimi qiymətləndiriblər. Onların fikrincə, Tramp demokratik institutları zəiflədərək ölkəni “vahid lider” sisteminə doğru aparır.

Etirazçılar həmçinin Trampı dövlət büdcəsi və vergi ödəyicilərinin pullarını şəxsi məqsədlərinə yönəltməkdə ittiham edib, sərvətin ədalətli bölüşdürülməsini tələb ediblər.

Ekspertlərin fikrincə, bu etirazlar ABŞ-da səssiz çoxluğun, yəni siyasi sistemdən uzaq düşmüş, lakin narazı kütlənin yenidən oyandığını göstərdi. Hərəkatın təşkilatçıları bildiriblər ki, məqsədləri yalnız küçə yürüşləri keçirmək deyil, həm də 2026-cı il aralıq seçkilərində seçici fəallığını artırmaqdır.

Məlumatda qeyd olunur ki, Trampa qarşı etirazlar təkcə ABŞ-da deyil, həm də Kanada, Meksika, Fransa, Almaniya və Britaniya kimi ölkələrdəki Amerika səfirliklərinin qarşısında həmrəylik aksiyalarına səbəb olub. Və dünya ictimaiyyəti ABŞ-da demokratiyanın gələcəyi barədə narahatlığını dilə gətirib.

Analitiklərin fikrincə, bu aksiyalar ölkədə vətəndaş cəmiyyətinin yenidən dirçəlməsinə, habelə gələcək seçkilərdə demokratik qüvvələrin birləşməsinə təkan verə bilər.