Dek 03, 2025 17:21 Asia/Baku
  • Tramp Venesuelanı “ikinci Vyetnama” çevirməyə hazırlaşır - AKTUAL

Vaşinqton hələ də Karakasla bağlı strategiyasını tam müəyyənləşdirə bilmir. Avqustdan bəri Pentaqon Karib hövzəsində zərbələr endirsə də, Ağ Evin növbəti addımları hələ də proqnozlaşdırılmır.

RİA Novostinin təhlilində deyilir: ABŞ prezidenti təhlükəsizlik qurumlarının rəhbərləri ilə Venesuela məsələsini müzakirə edib. O, artıq onlarla insanın ölümünə səbəb olan dəniz zərbələrinə əlavə olaraq, quru əməliyyatı aparacağını açıqlayıb. Rəsmi bəhanə “narkokartellərlə mübarizə”dir. Lakin Konqres yeni bir müharibə perspektivindən ciddi şəkildə narahatdır.

Görünür, hərbi əməliyyata qarşı ciddi müqavimətlə üzləşən Tramp geri çəkilmə variantlarını nəzərdən keçirir.

Əlbəttə problem yalnız konqresmen və media ilə bağlı deyil. Venesuelaya hücum böyük risklər daşıyır.

Reuters-a görə, əldə olunan “planlaşdırma sənədləri”ndə qeyd olunur ki, Karakas ABŞ-dan hərbi cəhətdən çox geri qalsa da, partizan müharibəsi və diversiya taktikasına əl atacaq, bu isə amerikalılar üçün çox ağır olacaq. Sadə dillə desək, ABŞ-ı Venesuelada ikinci Vyetnam gözləyə bilər.

Ona görə də Tramp hələlik təzyiqi artırır, amma “son addımları” ehtiyatda saxlayır.

Amma Maduronu devirmək Trampın şəxsi məqsədidir və son ultimatumlarından göründüyü kimi, bunu gizlətməyə də çalışmır, hətta narkokartellərlə mübarizə bəhanəsinin arxasında gizlənsə belə.

Venesuela isə səfərbərlik elan edib və yüksək döyüş hazırlığında saxlanılır. Maduro isə görünür, hər ssenariyə hazırdır. Minlərlə insanın iştirak etdiyi mitinqdə o xatırladıb ki, “komandant Uqo Çavezin ruhuna” and içib və bu andı pozmayacaq.