Fransa:
Ukrayna, ABŞ və Avropa hələ də ortaq məxrəc axtarır
Fransa bildirib ki, Ukrayna, ABŞ və Avropa ölkələri hələ də Kiyev üçün təhlükəsizlik zəmanətləri də daxil olmaqla, sülh sazişi ilə bağlı ortaq mövqe tapmaq üzərində işləyirlər.
Reuters-in verdiyi məlumata görə, Fransa Prezident Administrasiyasının bir rəsmisi bildirib: “Məqsədimiz danışıqlar üçün möhkəm və vahid bir təməl əldə etməkdir. Bu ortaq zəmin ukraynalıları, amerikalıları və avropalıları birləşdirməlidir".
Adı açıqlanmayan bu rəsmi əlavə edib: "Bu, bizə danışıqlar üçün davamlı və uyğun bir sülh təklifi təqdim etməyə imkan verəcək. Bu təklif beynəlxalq hüquqa və Ukraynanın suveren maraqlarına əsaslanmalıdır və amerikalı müzakirəçilər də onu ruslara təqdim etməyə hazır olmalıdırlar".
O, qeyd edib ki, bu mövzuda hələlik ortaq bir sənəd əldə olunmayıb və danışıqlar qarşıdakı günlərdə telefon danışıqları və görüşlər vasitəsilə davam etdiriləcək.
Bu rəsmi ABŞ-ın bu məsələ ilə bağlı razılaşma üçün son tarix təyin edib-etmədiyi barədə şərh verməkdən imtina edib.
Fransa rəsmisi bildirib ki, danışıqlar ABŞ-la fikir ayrılıqlarını azaltmaq və Ukraynaya ərazi məsələləri və təhlükəsizlik zəmanətləri üzərində qurulub.
ABŞ-ın Kiyev və Moskva arasında sülh üçün təklif etdiyi plan Ukraynanın bəzi ərazilərinin Rusiyaya verilməsi və Kiyevin NATO-ya qoşulmaq ambisiyasından imtina etməsini əhatə edir. Lakin Avropa ölkələri son həftələrdə bu planda bəzi dəyişikliklər etməyə çalışıblar.