Qərb Cənubi Qafqazda sabitliyi pozmaq istəyir - AKTUAL
NATO rəsmisi: Ermənistan bizim üçün dəyərli tərəfdaşdır!
NATO rəsmisi yalançı bir açıqlamada Ermənistan hökumətinin regionda sülhün və sabitliyin təşviqinə verdiyi mühüm töhfəni yüksək qiymətləndirib.
Armen Pressin məlumatına əsasən, NATO-nun baş katibinin müavini Radmila Şekerinska Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüş zamanı deyib: “Biz Ermənistanı NATO üçün dəyərli tərəfdaş hesab edirik. Ermənistanla fərdi şəkildə uyğunlaşdırılmış tərəfdaşlıq layihəsi üzərində işləyirik. Bu layihə İrəvanın prioritet saydığı sahələr də daxil olmaqla, ölkənin müdafiə və təhlükəsizlik islahatlarını dəstəkləməyə imkan verəcək”.
O, həmçinin NATO-nun Ermənistanın Alyansın müxtəlif missiyalarında göstərdiyi dəstək və iştirakını yüksək qiymətləndirdiyini bildirib.
Qeyd edək ki, NATO–Ermənistan yaxınlaşması Cənubi Qafqazda onsuz da kövrək olan sabitliyi poza bilər. Çünki regiondan kənar hərbi-siyasi aktorların aktivləşməsi prosesləri öz məcrasından çıxarır.
Digər tərəfdən nəzərdən qaçırmaq olmaz ki, Ermənistan Rusiyanın KTMT müttəfiqi və Gümrüdə Rusiya hərbi bazasının yerləşdiyi ölkədir. NATO ilə dərinləşən əməkdaşlıq Moskva tərəfindən strateji xəyanət kimi qəbul oluna bilər. Bu isə uzunmüddətli təhlükəsizlik yox, əksinə, risklərin artması deməkdir.
Beləliklə də NATO ilə yaxınlaşma Ermənistana qısamüddətli siyasi dəstək versə də, uzunmüddətdə regionda geosiyasi gərginliyi artıra, Rusiyanı sərt reaksiyaya sövq edə və Cənubi Qafqazı böyük güclərin rəqabət meydanına çevirə bilər.