Dek 27, 2025 11:52 Asia/Baku
  • ABŞ-ın Ukrayna ilə bağlı sülh təklifləri nəzərdən keçirilib

Rusiya bildirib ki, ABŞ-ın Ukraynada sülhə dair təkliflərini alıb və onları təhlil edib, həmçinin Vaşinqton və Moskva rəsmiləri bu barədə danışıqlar aparıblar.

Reuters-un verdiyi məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov bir sıra amerikalı rəsmilərlə telefonla danışıb, lakin bu təmasların vaxtı barədə məlumat verməyib.

Peskov əlavə edib ki, Rusiya prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyev bu həftə ABŞ-ın Mayami şəhərində keçirilən danışıqlardan sonra ABŞ-ın sülh təkliflərinin nüsxələrini Moskvaya gətirib və hazırda Kremlin daxilində bu təkliflərin detalları təhlil olunur.

Kremlin sözçüsü vurğulayıb: "Məlumatlar təhlil edildi və prezident Vladimir Putinin göstərişi ilə Rusiya və ABŞ hökumətlərinin nümayəndələri arasında əlaqələr quruldu. Danışıqların davam etdirilməsi barədə razılıq əldə olundu".

Peskov jurnalistlərin Kremlin bu sənədlərə münasibəti barədə sualına cavab olaraq, bildirib ki, bu barədə açıq şəkildə fikir bildirməyəcək, çünki açıq bəyanatlar danışıqlara zərər verə bilər.